Giorgi Qaxaria sentyabrın 8-də parlamentdə səsvermə zamanı Gürcüstanın yeni baş naziri seçildi. 150 deputatdan 98 nəfər onun lehinə səs verdi, müxalifət səsvermədə iştirak etmədi. Giorgi Qaxarianın baş nazir seçilməsi üçün 76 səs kifayət idi.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin şərhində bildirilir.
Qeyd olunur ki, G.Qaxaria baş nazir seçildikdən sonra ilk çıxışında xarici siyasətindəki əsas istiqamətləri bu şəkildə müəyyənləşdirib:
“Birincisi, yeni baş nazir Tiflislə Moskva arasında birbaşa danışıqlar üçün hələ erkən olduğunu söylədi. O, hazırkı formatın dəyişdirilməsinə ehtiyac duymadığını vurğuladı. Hazırki format bəllidir, iki ölkənin xarici işlər nazirlərinin müavinləri mütəmadı olaraq İsveçrə paytaxtında görüşərək, müxtəlif mövzularda fikir mübadiləsi aparırlar. Yeni baş nazir Rusiya ilə təmasların erkən olduğunu söyləməsinə baxmayaraq, keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarları Giorgi Qaxarianı “Rusiyanın xidmətçisi” adlandırırlar. Baş nazir hələ fəaliyyətə başlamadan onu “Rusiyanın xidmətçisi” adlandırmaq qəribə görünə bilər. Görünür, ona qarşı ittihamlar Giorgi Qaxarianın daxili işlər naziri işlədiyi dövrlə bağlıdır. Rusiyalı deputatlardan birinin Gürcüstan parlamentində çıxışı və onun spikerin masasında oturdulması Tiflisdə böyük iğtişaşlara səbəb olmuşdu. Giorgi Qaxaria da daxili işlər naziri olaraq həmin rusiyalı deputatın xətasız-bəlasız ölkəni tərk etməsini təmin etmiş, küçələrə çıxan müxalifətçilərə qarşı sərt tədbirlər tətbiq etmişdi. Görünür, müxalifət buna görə yeni baş nazirə “Rusiya adamı” damğasını vurub.
İkincisi, Giorgi Qaxaria elə ilk çıxışındaca maraqlı təkliflə çıxış edib. O deyib ki, Gürcüstan hökuməti Cənubi Osetiyanın və Abxaziyanın əhalisi ilə birbaşa təmaslara başlamalıdır. Giorgi Qaxaria konkret istiqamət göstərmədən başqa dialoq formatlarından istifadə etməyi də lazım bilib. Doğrusu, bu təklifin reallaşdırılması mexanizmi mürəkkəb görünür. Separatçı ərazilərdə yaşayan insanlarla birbaşa necə dialoq qurmaq olar? Məsələn, elə Giorgi Qaxaria parlamentdə baş nazir seçilərkən separatçı Abxaziyada “prezident” seçkisi keçirildi və Gürcüstan Xarici İşlər Nazirliyi həmin “seçkilər”in nəticələrini tanımadığını bildirdi, bunu Gürcüstanın ərazi bütövlüyünə qarşı qəsb kimi qiymətləndirdi. Heç bir separatçı bölgənin lideri nəzarət etdiyi ərazinin hansısa vətəndaş qrupuna mərkəzi hökumətlə təmaslarına imkan verməz. Giorgi Qaxaria çıxışında açıq etiraf edib ki, Gürcüstanın 20 faiz ərazisini Rusiya işğal edib. Bu isə o deməkdir ki, Rusiyanın özü də Gürcüstanın yeni hökumətinə Cənubi Osetiyanın və Abxaziyanın qeyri-müəyyən qrupları ilə təmaslarına imkan verməyəcək. Digər tərəfdən separatçı bölgədə yaşayan qruplardan kim və ya kimlər Tiflislə birbaşa təmaslara razı olar ki?
Üçüncüsü, Giorgi Qaxaria çıxışı zamanı yenə həlli mürəkkəb görünən fikir söyləyib: “Müharibə etmədən ərazi bütövlüyümüzün təmin edilməsinə çalışacağıq”. Əlbəttə, anlaşılan istəkdir, heç bir dövlət və xalq müharibə və itki istəməz. Eyni sözləri Ukraynanın yeni prezidenti Vladimir Zelenski də bir neçə dəfə səsləndirib. Ancaq dünya tarixində müharibə aparmadan itirilmiş torpaqların geri qaytarılması və bununla ərazi bütövlüyünün təmini nümunəsi yoxdur. Rusiya Gürcüstanla nə zamansa normal münasibətlər qursa da, çətin ki, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılmasına razı olsun. Bunun üçün gərək Gürcüstan Rusiyanın bütün şərtlərini qəbul etsin və ikinci Ermənistana çevrilsin. Buna isə Gürcüstanın heç bir siyasi qüvvəsi razı olmaz. Ona görə də “müharibəsiz torpaqların geri qaytarılması” ideyası reallaşdırılması mümkün olmayan xoş niyyətdir. Ancaq o da aydındır ki, 2008-ci ildə Rusiya ilə müharibədən sonra Gürcüstanın heç bir hökuməti də torpaqların geri qaytarılması məqsədilə hücum əməliyyatına başlamağa risk etməyəcək”.
Yazıda sonrakı bəndlər bu şəkildə sadalanır:
“Dördüncüsü, Giorgi Qaxaria çıxışında Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiya kursuna sadiq qalacağını bildirib. Bu mənada Gürcüstanda bir-birini dəyişən hakimiyyət və hökumətlər bu kursdan imtina etmirlər. Bu kursun davamının özü də Gürcüstanın Rusiya ilə münasibətlərinin tam normallaşacağına zəmanət vermir. Rusiya öz qonşuluğunda NATO tərəfdaşlarına müsbət münasibət bəsləmir. Tam əksinə, son illərdə ABŞ-ın Gürcüstanda hərbi bazalar yaratması ideyası ətrafında müzakirələr gedir.
Beşincisi, Giorgi Qaxaria çıxışında bölgə ölkələri ilə münasibətlərə də toxunub. “Gürcüstanın qonşu Türkiyə, Azərbaycan və Ermənistanla effektiv və pozitiv münasibətlər qurması çox vacibdir” deyən Giorgi Qaxaria sadaladığı ölkələrlə əlverişli siyasi və iqtisadi münasibətlərin qurulması üçün olduqca dəqiq və fəal iş aparılması vacibliyini bildirib. Aydındır ki, Giorgi Qaxaria Ermənistanın xətrinə dəyməsin deyə bu ölkənin adını Azərbaycan və Türkiyə ilə eyni sırada hallandırıb. Ancaq Giorgi Qaxaria anlamamış deyil ki, Azərbaycan və Türkiyənin Gürcüstan üçün əhəmiyyəti daha böyükdür. Təsadüfi deyil ki, Giorgi Qaxaria çıxışında Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin Gürcüstan üçün mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıb. “Bu və digər layihələr bizim üçün çox önəmlidir” deyən yeni baş nazir ölkəsinin əsas layihələrinin Türkiyə və Azərbaycanla həyata keçirilməsinə işarə edib. Sadəcə, Giorgi Qaxaria Azərbaycanın ölkəsi üçün əhəmiyyətini bu şəkildə anlayırsa, başçılıq etdiyi hökumət strateji tərəfdaşı ilə münasibətlərə xələl gətirə biləcək addımlardan çəkinməli, sərhəddin yerdə qalan hissəsinə yönəlik danışıqlarda soyuqqanlığını qorumalıdır. Azərbaycanın Gürcüstanın yeni hökumətindən ən böyük gözləntisi budur”.