Teleqraf.com hüquq elmləri doktoru, professor Rüstəm Məmmədovla müsahibəni təqdim edir:
- Rüstəm müəllim, Ermənistan xarici işlər naziri Zöhran Mnatsakanyan bildirib ki, Azərbaycan xarici işlər naziri Məmmədyarovla görüş planlaşdırılıb, amma görüşün vaxtı haqda konkret bir söz deyə bilməz. Sizcə, indi Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin real vəziyyəti nədən ibarətdir?
- Əvvəla, mən bu planlaşdırılan görüşü perspektivsiz hesab edirəm. Qənaətimcə, bu danışıqların heç bir mənası yoxdur. Əslində danışıqlar prosesi Ermənistan Baş naziri Nikol Paşinyanın məlum “Myatsum” bəyanatından sonra əhəmiyyətini və mənasını itirib. İndi əsas məsələ hərbi əməliyyatın öhdəsinə qalıb.
- Paşinyan nədən qəfildən belə bəyanat verdi, onun məqsədi nədir?
- Bu, ermənilərin maraqlarını ifadə edən bəyanatdır. Paşinyan bununla sanki ermənilərin maraq və istəklərini ifadə edir. Sözsüz ki, bu bəyanat həm də bizə qarşı verilən sərsəm açıqlamadır. Əslində bu bəyanatla Paşinyan bir tərəfdən erməni daxili aditoriyasını sakitləşdirir, onlara işləyir, digər tərəfdən isə bizə göstərir ki, danışıqların nəticəsi olmayacaq. Əsas məqsəd Qarabağı Ermənistanın xəritəsinə daxil etməkdir. Demək istəyir ki, biz bu yolla gedəcəyik.
- Hazırda Ermənistan parlamentində böyük çoxluq Paşinyanın əlindədir. Əgər gerçəkdən Qarabağı Ermənistana “birləşdirmək” istəyirsə, niyə siyasi bəyanatlar verir, əvəzində məsələni parlamentə çıxarıb arzuladığı “birləşmək” haqda qərar çıxarmır?
- Paşinyan belə bəyanatla əhalisinin başını sığallayır. Əsas məqsədi insanların fikrini yayındırmaqdır. Danışıqlar neçə ildir ki, əsassız yerə uzanır, indi də Paşinyan belə yollarla prosesi bir qədər də uzatmağa çalışır. Bununla da siyasi hakimiyyətinin ömrünü uzatmağa nail olacağını zənn edir.
- Xarici işlər nazirlərinin planlaşdırılan görüşü baş tutarsa, bu, danışıqlar prosesinə yeni təkan verə bilərmi?
- Mənim fikrimcə, nəticə olmayacaq. Əslində danışıqlara ehtiyac yoxdur.
- Danışıqlara ehtiyac olmayacağı təqdirdə situasiya hansı ssenari üzrə irəliləyə bilər?
- Mənim şəxsi fikrimə görə, çıxış yolu hərbi yoldur. Bu dəqiqə əsas məsələ Rusiyanın razılığını almaqdır. Bunu edə bilsək, durumu öz xeyrimizə dəyişə bilərik.
- Bu konteksdə erməni-rus münasibətlərinin indiki mərhələsini necə izah edirsiniz?
- Ermənistan Rusiyadan narazıdır, Moskva da Ermənistandan xoşhal deyil. Amma əslində onlar tarixi sirdaşdırlar. Yəni onlar bir-birinin maraqlarına işləyirlər. Odur ki, indiyə qədər Rusiyanı neytrallaşdırmağa nail ola bilməmişik. Bəli, hazırda bu iki ölkə arasında gərginlik sezilir. Moskvada Paşinyandan narazıdırlar. Çünki Paşinyan Köçəryanı tutub həbsə atıb, Vladimir Putin də açıq şəkildə elan edir ki, Köçəryan Rusiyanın dostudur. Bu o deməkdir ki, Rusiya Paşinyanın hərəkətlərindən narazıdır. Eyni zamanda Moskvanın Paşinyanın siyasətinə inamı yoxdur. Putin bilir ki, Paşinyan hər dəqiqə Qərbə yönələ bilər. Odur ki, rusların Paşinyanı cəzalandırması məsələsi ortaya çıxa bilər.
- Rusiya Paşinyanı hansı şəkildə cəzalandıra bilər?
- Rusiya bunu müxtəlif cür edə bilər. Xatırlayırsınızsa, bir zamanlar Ermənistan parlamentində deputatlar gülləndi, bir neçə siyasətçi öldürüldü. Bu, bir variant ola bilər. Paşinyanın özünə sui-qəsd ola bilər. Rusiya şübhəsiz ki, Ermənistanda seçkiləri saxtalaşdırmağa getməz. Çünki bunu edə də bilməz. Paşinyanı ermənilərin özü seçib. Bu mənada seçici Paşinyanın əleyhinə getməyəcək. Məncə, indi Moskvanın əsas məqsədi Paşinyanı ruslaşdırmaqdır. Yəni Rusiya siyasi xəttinə dartmaq. Paşinyan təmiz rusyönümlü deyil. Gah nala, gah da mıxa vurur. Bu da ruslara xoş gəlmir. Digər tərəfdən, Paşinyan nala-mıxa vurmaqda davam edərsə, ruslar Azərbaycanın hərbi əməliyyatlara başlamasına etiraz etməyə bilərlər. Yəni bu da mümkündür. Amma yenə də o fikirdə qalıram ki, Rusiya-Ermənistan siyasəti bir-birinə yaxındır. Bəllidir ki, Rusiya heç vaxt Ermənistanın əleyhinə getmək istəməz və indiyə qədər də getməyib. Ermənistan Rusiyanın bir yaşayış məntəqəsidir.
Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşması əslində Ermənistanın əhəmiyyətini azaldan amildir. Bu da erməniləri qıcıqlandırır. Amma hələlik Türkiyə Rusiyanın Ermənistan əleyhinə addım atmasına nail ola bilmir.
- Hazırda Ermənistanda daxili siyasi-iqtisadi situasiyanı necə şərh edirsiniz?
- Fikrimcə, Ermənistanda situasiya öz axarı ilə gedir və yeni bir şey yoxdur. Orada iki klan bir-birilə mübarizə aparır və nəticədə biri qalib gələcək. Müşahidələr göstərir ki, bu savaşda Qarabağ klanı uduzacaq. Bəziləri deyirlər ki, Qarabağ klanı Rusiyanın əsas tərəfdarıdır və s. Çünki Rusiya Ermənistana dövlət kimi baxmır. Amma Paşinyan qalib gəlsə və yerini bərkidə bilsəŞ sonrakı siyasətindən onun Qərbə doğru revanş götürüb-götürməyəcəyi bəlli olacaq. Sadəcə, Ermənistandan hər addım gözləmək olar. Onlar əslində yollar arayır, istəyirlər ki, ABŞ Prezidenti Tramp Nikolu qəbul etsin, Avropa İttifaqı ilə yaxınlaşmağa çalışırlar. Amma Qərb də Paşinyanı yaxına buraxmır.
- ABŞ-ın Ermənistandan Suriyaya göndərdiyi hərbçilərini geri çağırmağı haqda tələbi nə ilə bağlıdır?
- Ermənistanın Suriyaya azsaylı hərbii göndərməsi Rusiyanın maraqlarına uyğundur. ABŞ bunu qəbul etmir. Bu məqsədlə Qərbdə arzu edirlər ki, Ermənistan Suriyadakı hərbi kontingentini geri çağırsın.
- Hazırda körfəzdə İran-ABŞ qarşıdurması sanki səngiyən xətt üzrə gedir. Bu iki ölkə arasında razılaşma əldə olunacaqmı?
- Əslində ABŞ İrandan qorxur. Və qorxusunu da nümayiş etdirdi. Məsələn, İranı vuracağını, hücum ediləcəyi deyilmişdi. Amma buna gedilmədi. Eyni zamanda Fransada G7 toplantısı zamanı İran xarici işlər naziri Cavad Zəriflə müzakirə aparıldı. Hətta Tramp-Ruhani görüşünə dair isti açıqlamalar verildi. Bu onu göstərir ki, ABŞ İranla bağlı siyasətindən imtina edir və əslinə qalsa, Vaşinqton körfəzdən geri çəkilir. ABŞ Yaxın Şərqdə mövqelərini itirə-itirə gedir. Əvvəl mövqe itirmələrindən qıcıqlanaraq İrana xox gəlmək istədi, amma bu da baş tutmadı.
Digər tərəfdən, indi dünyada gərginlik özünü büruzə verir. Hesab edirəm ki, bu gərginlik artan xətt üzrə inkişaf edəcək. ABŞ İranın neft satışına qadağa qoyub. Təbii ki, İran əhalisi yaşamalıdır. Odur ki, İran ABŞ-a xox gəlir, Türkiyə ABŞ-a xox gəlir, ABŞ Rusiyaya xox gəlir, Çin ABŞ-a xox gəlir. Yəni aparıcı mərkəz və dövlətlərin bir-birinə xox gəlməsi dünyadakı gərginliyin əlamətidir. Əsas sual “bu gərginliyin davamı olaraq nə gələ bilər”lə bağlıdır. Buna qədər belə gərginliyin davamı olaraq, dünya müharibələri ortaya çıxıb. Əlbəttə, hər kəs çalışar ki, buna imkan verməsin, amma hər şey ola bilər. Əsas addım fitİlin yanmasıdır. Bu yandısa, alovlanma başlayacaq. Ümid edək ki, belə pis ssenari baş verməyəcək.