11 Sentyabr 2019 10:22
1 632
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Donald Tramp “qırğı komandası”ndan azad olmağa çalışır. Tramp əvvəlcə Suriyada müharibənin qatı tərəfdarı olan müdafiə naziri, “Quduz köpək” ləqəbli Mattisi vəzifədən azad etdi. Baxmayaraq ki, Mattis özü istefa verdiyini bəyan etmişdi. İndi isə xarici siyasətin əsas vurucu qüvvəsi olan Con Bolton istefaya göndərildi. Bu o məqamda baş verdi ki, İranla ABŞ arasında Fransanın vasitəçiliyi ilə danışıqların aparılması müzakirə olunur”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsəsdullazadə deyib.

Ekspertin fikrincə, Donald Tramp gələn il ABŞ-da keçiriləcək prezident seçkisinədək müharibəyə getmək istəmir:

“Məlum olduğu kimi Con Bolton qatı anti-İran mövqeyi ilə seçilirdi. İranın bombalanması tərəfdarı kimi qəti şəkildə danışıqları rədd edirdi. Təbii ki, Tramp bununla razılaşa bilməzdi və öz siyasi reytinqini qorumaq onun üçün daha vacib olan addımı ataraq Yaxın Şərq siyasətində diplomatik danışıqlara üstünlük verdi.

Qeyd edim ki, Bolton həm də anti-Türkiyə siyasətini həyata keçirirdi. Boltonun vəzifədən uzaqlaşdırılması isə onu göstərir ki, Tramp artıq Türkiyə və İran siyasətində danışıqlara üstünlük verəcək. Lakin bu, İrana tətbiq edilən sanksiyaların ləğv edilməsi anlamına gəlmir. Bununla belə, müharibə ehtimalı həmişə gündəmdə qalacaq”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Prezident Tramp Dövlət katibi Mayk Pompeonu da vəzifədən azad edə bilərdi:

“Amma Pompeo Trampın dedikləri ilə razılaşdığı üçün vəzifəsini qoruyub saxlayacaq. Bolton Trampın İran siyasətinin dəyişməsi nəticəsində vəzifədən azad edildi”.

Əlavə edək ki, Con Bolton vəzifə müddətində Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılması tələbi ilə də yadda qalmışdı. Bundan başqa, bir sıra ekspertlərin “Bakının dostu” adlandırdığı Bolton rəsmi İrəvana Rusiyadan uzaqlaşmağı da məsləhət görmüşdü.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər