12 Sentyabr 2019 17:11
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir müavininin silah haqqında çıxış etməsi və onlarda hansısa müstəsna silahın olması haqda fikirləri qeyri-ciddidir.

Bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Ermənistan parlamentində Rusiya ilə müttəfiqlik, Azərbaycana satılan Rusiya silahları və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) haqda deputatlar qarşısında çıxış edərkən işlətdiyi ifadələri şərh edərkən deyib.

Qeyd edək ki, çıxışı zamanı erməni diplomat bildirib ki, onlarda hansısa müstəsna silah mövcuddur.

Polkovnik Ramaldanov isə bildirir ki, erməni tərəf Azərbaycanın Rusiya və Belarusla silah ticarətinə maneə ola bilmədiklərini açıq etiraf edib: “Rusiyanın Ermənistana silahı ucuz və güzəştli kreditlə satmasına gəldikdə, bu barədə məlumat çoxdan var. Bilirik ki, Rusiya silah satışı addımı ilə Ermənistanın böyük iqtisadi müəssisələrinə şərik ola bilib.

Ermənistan KTMT üzvüdür və onlar arasında silah satışı daxili bazarla uyğunlaşdırılır. Biz bu qurumun üzvü deyilik və silahı daxili bazar qiymətinə deyil, ikitərəfli danışıqlar əsasında alırıq. Bu da sözsüz ki, Ermənistana satılan silahdan qat-qat bahadır. Amma biz Rusiyadan aldığımız silahı Ermənistan ala bilmir.

Biz aldığımız zirehli texnika T-90-dır. Ermənistan bu silahı ala bilmir, çünki bahalı texnikadır. Eləcədə PDM-3 alırıq. Ermənilər bunu da ala bilmir.

Biz bu gün zirehli texnikaya aid ZTR82a alırıq. Bu texnika Rusiyanın bütün hərbi hissələrində müasirliyi və keyfiyyəti ilə seçilir. Amma Rusiyanın hərbi birləşmələrinin hamısı hələlik bu silahla təmin olunmayıb. Azərbaycan isə bu silahları alıb. Mən dediyim silah-suursatların növləri hazırda Ermənistanda yoxdur.

Rusiyanın Ermənistana hansı silahları satdığını bilirik. Rusiya müharibədə müasir standartlara cavab verə bilməyən silahları Ermənistana və digər KTMT üzvlərinə daxili bazar hesabına satır. Azərbaycan isə müstəqil və silahlanma siyasətinə uyğun şəkildə alır”.

Hərbçi əlavə edib ki, əgər Ermənistanda dedikləri kimi müstəsna silah olsaydı onun adını çəkər və nümayiş etdirərdilər: “Əgər söhbət “İsgəndər” operativ-taktiki raket komplekslərindən gedirsə, bu silahın Ermənistana məxsus olub-olmadığı bəlli deyil. Nəzərə almaq lazımdır ki, bu kompleks Ermənistanda keçirilən hərbi paradda iştirak məqsədilə Yerevana aparılıb.

Sonradan ermənilər iddia etdilər ki, bu silahı alıblar. Amma indiyə qədər həmin silahın ermənilərə aid olub-olmadığı indiyə qədər bəlli deyil. Mən bu sözləri deyəndə Rusiya mediası və ekspert mövqelərinə əsaslanıram. Rus hərbi ekspertləri bu silahların Ermənistana, yoxsa oradakı Rusiya bazasına məxsus olub-olmadığını aydınlaşdıra bilmirlər.

Ermənistan diplomatının onlarda müstəsna silahın olmasını deməsi ciddi yanaşma deyil. Məsələn, SU-30 təyyarələri haqda danışılırdı, amma bu məsələ də sual altındadır. Sonda dedilər ki, cəmi 4 təyyarə alınıb. Bu günə qədər bu təyyarələrin biri də Ermənistana enməyib.

İndi necə olub ki, Rusiya Ermənistana güclü silah verib və Yerevan bunun adını açıqlamır? Əslində bu yalançı bəyanatdır və məqsəd erməni cəmiyyətini sakitləşdirmək, narazılığı aradanq aldırmaqdır.

Digər tərəfdən, xarici işlər nazirinin müavini hara, silah haqda danışmaq hara? Silah haqda müdafiə naziri, təhlükəsizlik komitəsinin nümayəndəsi, baş nazirin müavini, nəhayət, Paşinyan danışardı. Xarici işlər nazirinin müavinin silah haqda danışması sadəcə absurddur”.


Müəllif: Cavad

Oxşar xəbərlər