13 Sentyabr 2019 14:18
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması üçün ittifaqın nizamnaməsində dəyişikliklər etdi. Artıq Rusiya rəsmiləri ölkəmizin bu təşkilatda müşahidəçi statusu almasının mümkünlüyünü qeyd edirlər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, “rus NATO-su”nda müşahidəçi satusu Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etmir:

“Bu, Rusiyanın regionda geosiyasi mövqeyini gücləndirmək üçün lazımdır. Hesab edirəm ki, rəsmi Bakı mütləq şəkildə ərazilərin qaytarılması şərti ilə müşahidəçi statusu almalıdır. Əks halda, Azərbaycan bu təşkilatda yer alsa, Moskva işğal olunmuş ərazilərlə bağlı növbəti dəfə ölkəmizi aldada bilər.

Bu yöndə Moskva ilə Bakı arasında intensiv danışıqların getdiyini istisna etmirəm. Çünki Rusiya rəsmiləri birdən-birə bu məsələni qaldıra bilməzdilər.

Digər yandan, İrəvan və Moskva arasında soyuq münasibətlər hökm sürür. Bundan istifadə edərək Moskva ilə ərazilərin istənilən variant üzərində qaytarılmasını razılaşdırmaq mümkündür. Məhz bunun müqabilində KTMT məsələsi müzakirə oluna bilər”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Rusiya və Azərbaycan arasında qarşılıqlı və ikitərəfli maraqlar konteksində Qarabağ münaqişəsi həll edilə bilər:

“Kreml isə indiki məqamda bunu etmək istəyində deyil. Amma ölkəmizi işğalçı ölkə ilə eyni təşkilata üzv etmək niyyətini gizlətmir. Bu səbəbdən də, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bu məsələnin müzakirəsinə isti yanaşmır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər