Bir vaxtlar İlham Əliyevin seçkilərdə vəkili olub xalqı ona səs verməyə çağıran, bu gün isə 180 dərəcə dəyişənlər, o vaxtmı, ya indimi səmimi olduqları haqda qərar verməyin mümkün olmadığı şəxslər özlərini Aynur Camalqızı ilə müqayisə edə bilməzlər.
Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızının ADP sədri Sərdar Cəlaloğlunun vətəndaşların “üsyan hüququ” ilə bağlı söylədiyi yalanı ifşa etməsindən sonra ona qarşı ölkə daxili və xaricində olan bəlli dairələrin “hücum kampaniyası” haqda danışarkən deyib. Millət vəkili bildirib ki, hazırda Prezident və ayrı-ayrı məmurlar haqda ağzına gələni danışanları az qala “ləyaqət təcəssümü” kimi təqdim edənlər ləyaqətin nə olduğunu anlamalıdırlar:
“Aynur Camalqızı çox gənc idi, sərt müxalif mövqedə olan qəzetdə çalışırdı, siyasi mənsubiyyəti vardı və sərt ritorikadan da istifadə etmişdi. Unutmayın ki, həmin dövrün siyasi ritorikası da o formada idi və o vaxt ölkəmizdə siyasi mədəni mühit indiki kimi inkişaf etməmişdi. Ancaq Aynur Camalqızı qısa zaman kəsiyindən sonra birgə addımladığı siyasi düşərgədəki birilərinin mahiyyətini anladı və həmin yazılarından imtina etdi, sərt ritorikaya görə oxucularından və yazıların ünvanlandığı şəxslərdən üzr istədi. Bütün bu baş verənlərin üzərindən 15 il keçəndən sonra siyasi-hüquqi polemikada ona uduzan, arqument tapa bilməyən və rüsvay olan, əllərindən xalqı qanunsuzluğa təhrik etmək üçün “beynəlxalq qanun” fürsəti alınan şəxslərin Aynur Camalqızına qarşı bu kampaniyası iyrəncdir.
Adlarını “kişi” qoyan şəxslər bir xanımın intellekti qarşısında bu qədər aciz vəziyyətə düşüb, özlərini rüsvay etməklə məşğul olmamalıdırlar. “Yeni Müsavat”ın canlı efirində dediyi sözləri belə kontekstdən çıxararaq, “cavablandırmağa”, beləliklə, müzakirəni hədəfdən yayındırmağa cəhdlər sadəcə gülüş doğurur. Yutubda Aynur xanımı sifarişlə hədəf seçən “yarısaqqallılar” öz keçmişlərinə və liderlərinə baxsınlar. Onun hökumətlə, xarici dairələrlə, şəxsi marağı naminə hər kəslə (hətta şeytanlarla) gizli əməkdaşlığını, oliqarxlar, xarici dairələr tərəfindən necə maliyyələşdirildiyini, fitlə necə siyasi qərarlar qəbul etdiyini (28 sentyabr mitinqi barədə qərar da daxil olmaqla) araşdırsınlar. Bunun cəmiyyətə daha çox faydası olar”.
Q.Həsənquliyev bildirib ki, bu kampaniya sözügedən insanların əsl mahiyyətini bir daha ortaya qoyur:
“Çünki intellekt müzakirəsi üçün savad və qabiliyyətləri yoxdur. Onlar 30 il əvvəlki təfəkkürlə yaşamağa, xarici qüvvələrin sifarişini yerinə yetirməyə davam edirlər və məndə çox ciddi şübhə var ki, hətta buna məcburdurlar. Bunların nəinki maddi, həm də mənəvi baxımdan xarici qüvvələrin ovcunda olma ehtimalları həddən artıq böyükdür. Ona görə də siyasi müzakirədə uduzan kimi bu cür qaralama kampaniyasına başlayırlar”.
Qeyd edək ki, S.Cəlaloğlunun iqtidar-müxalifət dialoqunda vətəndaşların “üsyan hüququ” olması barədə BMT Nizamnaməsinə istinadla çıxışına Aynur Camalqızının cavabı geniş rezonans doğurub. A.Camalqızının BMT Nizamnaməsi və İnsan Hüquqları Bəyannaməsində belə bir “hüququn” nəzərdə tutulmadığını faktlarla açıqlamasından sonra jurnalistə qarşı genişmiqyaslı hücuma start verilib.