16 Sentyabr 2019 14:03
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus iki neft emalı zavoduna pilotsuz uçan aparatların hücumu bölgədə vəziyyəti yenidən gərginləşdirib. İttihamlar havada uçuşur. Bu hücum dünyada və bölgədə hansı nəticələrə səbəb ola bilər?

Teleqraf.com xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin növbəti analizi bu mövzuya həsr olunub.

Bildirilir ki, birincisi, Səudiyyə Ərəbistanı bu hücumu cavabsız qoymayacaq:

“Çünki hücumu Yəməndəki husilərin təşkil etdiyi aşkardır, bunu onların özləri də etiraf edirlər. Husilər hücumun arxasındakı səbəb kimi Səudiyyə Ərəbistanının Yəməni mütəmadi bombalamasını və bu zaman mülki insanların ölməsini göstərirlər. Səudiyyə Ərəbistanı isə bu hücumları ona görə təşkil edir ki, qonşuluğundakı dövlət İranla müttəfiq olan husilərin əlinə keçməsin. İki neft emalı zavoduna hücum Səudiyyə Ərəbistanının Yəmənə hücumlarını artıracaq. Buna cavab olaraq da İran husilərə dəstəyini artıracaq. Faktiki İran və Səudiyyə Ərəbistanı Yəməndə bir-birləri ilə savaşırlar. Neft emalı zavodlarının vurulması ilə bu savaş genişmiqyaslı həcm alacaq.

İkincisi, neft emalı zavodlarının vurulması ABŞ-da ciddi reaksiya doğurub. Vaşinqtonda şübhə etmirlər ki, hücumun arxasında İran dayanır. Tehran bu ittihamları rədd edir. Belə baxanda indiki zamanda İranın bölgədə gərginliyi artırmaqda marağı olmamalıdır. Çünki İran ABŞ-ın sanksiyalarından qurtulmaq istəyir. Belə olan halda yeni müharibə İranın maraqlarına niyə cavab verməlidir ki? Ancaq o da mümkündür ki, İran İslam İnqilabi Keşikçiləri Korpusunun rəhbərliyi fərqli düşünür. Hər halda ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazdığı son statusda ABŞ-ın İrana vuracağını istisna etməyib. Bu vəziyyət bir neçə gündən sonra işinə başlayan BMT Baş Assambleyasında ABŞ və İran prezidentlərinin görüşü perspektivini heçə endirir. Halbuki, İran Prezidenti Həsən Ruhani Nyu-Yorka getməyə hazırlaşır.

Üçüncüsü, neft emalı zavodlarına hücum dünyada neftin qiymətini qaldırıb və mütəxəssislərin hesablamalarına görə neftin bir barelinin qiyməti 100 dollara qədər arta bilər. Çünki son olay neft bazarında 5 faiz azalmaya səbəb olub və həmin iki neft emalı zavodunun tam gücü ilə yenidən neft istehsalına başlaması həftələr ala bilər”.

Qeyd olunur ki, əlbəttə, neftin qiymətinin qalxması Azərbaycanın gəlirlərini artıracaq:

“Ancaq siyasi mənada İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin daha da gərginləşməsi, üstəlik Vaşinqtonda yenidən “İranı vura bilərik” təhdidlərinin səslənməsi Azərbaycanın geosiyasi maraqlarına cavab vermir. Çünki adı çəkilən dövlətlər Azərbaycanın tərəfdaşlarıdır və biz tərəfdaşlarımız arasında gərginliyin və ən pis halda müharibənin alovlanmasında maraqlı deyilik”.


Müəllif: Səxavət