20 Sentyabr 2019 19:30
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Rusiyanın dəstəyi ilə terrorçuların, İŞİD döyüşçülərinin çoxu Suriyadan çıxıb. Məhz Tehran və Moskvanın dəstəyi sayəsində Bəşər Əsəd Suriyanın 60-70 faiz ərazisinə nəzarəti təmin edib.

Bu fikirləri Teleqraf.com-a İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani deyib.

Sabiq səfir bildirib ki, hazırda Suriyada iki əsas problem var. Onun sözlərinə görə, bunlardan biri İdlibdir: “İdlibdə 3 milyon əhali var. Eyni zamanda burada Təhriri-Şam, Əl-Qaidə, Əl-Nusra terror təşkilatları, habelə İŞİD döyüşçüləri var. Zamanında Türkiyə bu ərazilərdə yerləşən terror təşkilatlarını oradan çıxarmaq öhdəliyi götürmüşdü, amma buna nail ola bilməyib. Türkiyənin narahatlığı əslində anlaşılandır. Ankara düşünür ki, Əsəd İdlibdə əməliyyata başlasa, Türkiyəyə milyonlarla qaçqın üz tutacaq. Hazırda arada Rusiya aviasiyası və Əsəd ordusu İdlibi vurur. Ankarada son Ərdoğan, Putin və Ruhani görüşü zamanı da İdlib probleminin həllinin vacibliyi qeyd edildi. Ankara orada əməliyyatların keçirilməsinə qarşıdır və bu da zaman alır. Fikrimcə, Suriya problemi tezliklə həll olunan deyil. Əslində siyasi qərar və iradə olsa, Ankara da Suriya dövləti ilə danışıqlara gedib razılaşsa bilər və İdlib problemini həll etmək olar”.

Mütəxəssisin fikrincə, Suriyada ikinci ciddi problem Fərat çayının şərqində mövqe tutan YPG/PYD qüvvələri və ABŞın olara ciddi dəstək verməsidir: “Burada Türkiyənin ABŞ-la müəyyən ixtilafı da var. Məncə, siyasi proses davam edərsə, yeni kostitusiyaya və seçkilərlə bağlı razılıq əldə edilsə, irəli addım atıla bilər. Nəzərə almaq lazımdır ki, Fəratın şərqində olan kürd silahlıları daha çox Türkiyə üçün təhlükəlidir. Ankarada hesab edirlər ki, ABŞ kürdləri dəstəklədikdən sonra bu qüvvələr güclənə, Fəratın qərbinə keçə və Aralıq dənizinə yol aça bilər. Bu gələcəkdə kürdlərin istiqlaliyyəti üçün böyük addım ola bilər. İndilik onların dənizə yolu yoxdur. Həm də Türkiyə, İraq və Suriya kürdləri bir-birilə əlaqəlidir. Bu amili Türkiyə özü üçün təhlükə hesab edir. Kürdlər də çalışırlar ki, Əsədlə danışıqlara gedib muxtariyyət hüququ əldə etsinlər.Əslində indiki situasiyada Suriyada dövlətin güclənməsi Türkiyənin də xeyrinədir. Baxmayaraq ki, Türkiyə Suriyaya müdaxilə etməklə özünə böyük zərbə vurub. Əgər müdaxilə olmasaydı, Türkiyəyə problem yaranmaz və kürd məsələsi də həll oluna bilərdi. Ankara əvvəl Əsədin yıxılması üçün hər cür dəstək verirdi. Amma Əsəd yıxılmadı. Məncə, Ankara-Dəməşq arasında anlaşma əldə edilə, Türkiyə ilə sərhədlərin o tərəfini Əsəd orudusu mühafizə edə bilər. Bunun üçün iki ölkə arasında danışıqlar olmalıdır. Amma Ankara çalışır ki, ərazisində olan 3 milyon qaçqını Suriyanın Türkiyə ilə sərhədlərində yerləşdirsin və beləcə Suriyadan gələn kürd təhlükəsinin qarşısını alsın. Amma bunun mümkün olub-olmayacağını zaman göstərəcək”.

İranlı analitik əlavə edib ki, əslində kürd məsələsi İraq, Suriya və Türkiyə üçün ciddi problemə çevrildiyi qədər İran üçün problem deyil: “Səbəb odur ki, İranda kürdlərin sayı azdır, bizim kürdlər tarixi baxımdan qonşu ölkələrdəki kürdlərdən fərqlənir. Bizdə olan kürdlərin əksəriyyəti özünü iranlı hesab edirlər. Təbii ki, İranda da PEJAK, kürdlərin Demokrat Partiyası var və onlar Suriya, İraq və ya Türkiydə olan kürdlər qədər fəal deyillər. İranda kürdlər mədəni məsələləri irəli çəkirlər. Yəni bir az azad olsunlar, öz dillərində oxusunlar, yaşadıqları yerlərdə idarəçiliyə kürdləri də qoysunlar. Amma digər qonşu ölkələrdəki kürd məsələsi daha qəlizdir”.

Əfşar Süleymani qeyd edib ki, İran üçün gələcəkdə kürd probleminin nə dərəcədə qəliz olacağı isə situasiyadan asılı ola bilər: “Biz bunu indidən proqnoz verə bilmərik. İranda kürdlər şah dövründən müəyyən hüquqlar istəyib, inqilabdan sonra da bunu arzu ediblər. Amma böyük uğurlar əldə etməyiblər. Ortada olan probemləri də danışıqlarla həll etmək mümkündür. Amma ələ silah alıb nəyisə tələb etmək mümkünsüzdür. Mən zənn etmirəm ki, gələcəkdə kürd problemi İran üçün sıxıntı yarada bilər”.


Müəllif: Cavad

Oxşar xəbərlər