24 Sentyabr 2019 12:48
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial Tədqiqatlar Mərkəzi 2019-cu ilin siyasi və sosial mühitində baş verən böyük dəyişikliklər məramının bariz nümunəsi, ümummilli sosial dialoqun təşkili istiqamətində atılan mühüm addımlardan biridir.

Teleqraf.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc bu gün “Hilton” otelində “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən müntəzəm olaraq sosial-siyasi durum və proseslərin dinamikası ilə bağlı təhlillər, açıq və qapalı analitik hesabat və arayışlar hazırlanıb, ali rəhbərliyə və müvafiq dövlət orqanlarına təqdim olunub.

“2019-cu ilin başlanması ilə ölkədə həyata keçirilən yeni kursun başlıca konturlarını müəyyənləşdirməyə çalışdığımız zaman hər birimiz üçün son dərəcə taleyüklü çağırışlar meydana çıxıb.

Nizamnaməyə əsasən, STM-in vəzifələri sırasına cəmiyyətin inkişafının müxtəlif istiqamətləri, təklif və proqnozları Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, aparılan siyasətin səmərəliliyinin artırılması məqsədi ilə idarəetmə prosesinin təkmilləşdirilməsi, qəbul edilən qərarların təsirlərinə dair tədqiqatlar aparmaq, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını sistemli təhlil etmək, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və s. daxildir”, - Z.Oruc bildirib.

Mərkəz rəhbəri araşdırma, təhlil və proqnozlaşdırmanın müasir dövlət idarəçiliyinin hərəkətverici qüvvəsi olduğunu vurğulayıb:

“Müasir dünyada milli quruculuq siyasətinin, dövlət idarəçiliyinin, islahatların yeni mərhələsinin elmi əsaslar üzərində və qabaqcıl təcrübəni öyrənməklə həyata keçirilməsi uzun tarixə malikdir. STM tərəfindən müntəzəm olaraq, sosial-siyasi durum və proseslərin dinamikası ilə bağlı təhlillər, açıq və qapalı analitik hesabat və arayışlar hazırlanıb, ali rəhbərliyə və müvafiq dövlət orqanlarına təqdim olunub. Ölkə miqyasında tədqiqatlarla bağlı qurumların ümumi mənzərəsini təhlil etməyə çalışmışıq, bu sahədə əlaqələndirmə və sıx koordinasiyaya olan ehtiyacın qarşılanması üçün tədbirlərin hazırlanmasına, ölkədə sosial-iqtisadi, siyasi və s. proseslərin dinamikası haqda mötəbər sosial məlumat/data bazasının yaradılmasına başlanılıb. Cari il və perspektivlər üçün aktual sosial-siyasi məsələlərin elmi tədqiqat konsepsiyası-fəaliyyət planı hazırlanıb. Mərkəzin elmi-fəaliyyət planında ümumdövlət və ictimai əhəmiyyətli sosial məsələlər üstünlük təşkil edib. O cümlədən, iqtidar və cəmiyyət arasında mövcud olan etimad və dialoqun möhkəmləndirilməsi, dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb edilməsi, sosial ictimai münasibətlərin aktual mövzularının tədqiqi yönündə mühüm addımlar atılıb. Sosial Tədqiqatlar Mərkəzi ictimai rəyin öyrənilməsi ilə əlaqədar 10 sosioloji tədqiqat və ictimai rəy sorğusunun keçirilməsini başa çatdırıb. Onların sırasında müxtəlif sosial təbəqələrin islahatlar prosesinə, dövlət başçısının sosial siyasətlə bağlı irimiqyaslı sərəncamlarına münasibəti və gözləntiləri, təhsilin sosioloji məsələləri və son tələbə qəbulunun iki mərhələli modelinə müxtəlif hədəf qruplarının münasibəti, dərsliklərlə bağlı mövcud vəziyyətin öyrənilməsi, sosial inkişaf və rifahın göstəriciləri, Azərbaycanda daxili miqrasiya proseslərinin xüsusiyyətləri ilə bağlı araşdırma və s. qeyd edilə bilər. “Sosial Tədqiqatlar” və “Azərbaycan barometri” adlı jurnallar Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib, müntəzəm nəşrə hazırlıq başa çatıb”.

Z.Oruc hazırda tədqiq edilən aktual mövzulardan bəzilərinə də diqqət çəkib:

“Bu sırada məmur-vətəndaş münasibətlərinin vəziyyəti və onun təkmilləşməsi yolları, vətəndaşlara xidmətin keyfiyyətinin qiymətləndirilməsi, sosial təbəqələşmə və regionlarda sosial proseslər, paytaxt və bölgələrdə gənclərin ictimai maraq, siyasi və digər mənafelər baxımından həssas ideya, baxışların tədqiqi, özünüməşğulluğun monitorinqi, əhalinin gəlirləri arasında fərqlər, cəmiyyətdə dialoq mühitinin formalaşdırılması yolları, vətəndaşların informasiyaya əlçatanlığının araşdırılması və xarici təsirlərin öyrənilməsi, sosial gərginlik meyillərinin səbəbləri və xüsusiyyətləri var”.

Mərkəz rəhbəri bu sahədə böyük fəaliyyəti olan, amma ölkə ictimaiyyətinin tanımadığı tədqiqatçı alim Çapay Sultanovla bağlı planları da bölüşüb:

“Azərbaycanın elmi camiəsinin kiçik bir hissəsinin tanıdığı, xalqınsa böyük əksəriyyətinin tanımadığı böyük alim əvəzsiz bir elmi xəzinə yaradıb. Yalnız Prezident İlham Əliyev alimin böyük irsinə dəyər verib, sözügedən şəxsi dövlət mükafatlarına layiq görüb. STM–də bu böyük ensiklopedik şəxsin adına mükafat təsis edilib. Bu mükafat gələcəkdə tədqiqatçılara veriləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər