26 Sentyabr 2019 19:26
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlaması çox lovğa və təkəbbürlü, həm də digər dövlətlərin heysiyyatına toxuna biləcək qədər təhlükəlidir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Iavrovun “Sizə söz verirəm, müharibəyə başlamayacağıq. Lakin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmağı prioritet sayan ölkələrlə münasibətlərimiz ciddi şəkildə pozulacaq” sözlərinə münasibət bildirən Qabil Hüseynli daha sonra deyib:

“Heç kim Lavrovu dünyanın ağası seçməyib. Heç kim onu dövlətlərin strateji xarici inkişaf xəttinə yön verən bir şəxs kimi müəyyənləşdirməyib. Onun belə danışması əlbəttə, yalnız əsəbləri zəif olan adamlarda müəyyən təəssürat yarada bilər. Amma hamı çox yaxşı bilir ki, ölkələr özləri azad inkişaf yolu seçir. Azad surətdə də istədiyi hərbi-siyasi xəttə qoşula bilər. İndi Lavrov-Putin tandemi keçmiş Sovet İttifaqını, yaxud keçmiş Varşava Müqaviləsi Təşkilatını bərpa etmək uğrunda müəyyən səmərəsiz və perspektivsiz bir siyasi xətt seçiblər.

Bu xəttin ucuz hədə ilə, yaxud müxtəlif diversiya və təxribatlarla uğur gətirəcəyinə bəlkə də özləri inanırlar. Amma dünya buna inanmır. Dünya yaxşı bilir ki, ictimai-siyasi inkişafın öz yolu var. Yeni dünya düzəni formalaşıb. Həmin yeni dünya düzənində əlbəttə ki, qüvvələr nisbəti, siyasi seçimlərin öz istiqaməti dəyişir. Amma bunu xalqlar özləri azad surətdə müəyyənləşdirirlər, Lavrovun istəyi ilə yox. Ona görə də Lavrovun Gürcüstan haqqında dedikləri çox əcaib-qəraib fikirlərdir. Çünki Gürcüstanın başına açılan bu qədər oyunlarda Rusiyanın işğalçı və neo-imperialist siyasəti oynadığı rolu artıq oynayıb. Gürcüstana bundan artığını etmək olmaz və dünya da buna imkan verməz. Ona görə də Lavrovun dedikləri başdan ayağa absurddur. Bu qədər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər