19 Oktyabr 2019 23:14
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti D.Trampın Türkiyə dövlət başçısı R.T.Ərdoğana ünvanladığı məktubu dünya ictimaiyyəti birmənalı qəbul etmədi. Rusiya prezidenti V.Putin məktubu qəribə adlandırdı, məktubun alıcısı isə onu zibil qutusuna atdığını bildirdi.

Məktub qalmaqalı ABŞ-Türkiyə münasibətlərində ilk hal deyil. Trampın məktubundan 55 il öncə ABŞ prezidenti Conson Türkiyəyə Kiprlə bağlı bir məktub göndərmişdi...

Məktubdan öncə

1960-cı illərdən etibarən SSRİ-Türkiyə münasibətlərini düzəltmək üçün qarşılıqlı səfərlər təşkil olunur. 1950-1960-cı illərdə Yaxın Şərqdəki siyasi böhranlarla bağlı iki ölkə arasındakı münasibətlərin soyuması 1960-cı illərdən etibarən yumşalmağa başlayır. Sovet İttifaqı ilə Türkiyə arasındakı gərgin münasibətlərin bir səbəbi də Kipr məsələsi idi. Sovetlər Kiprdə hakimiyyətin türklərin əlinə keçməsini istəmirdi. Çünki o dönəmdə Türkiyə-ABŞ münasibətləri yüksələn xətdə idi. Lakin Kipr məsələsində ABŞ prezidenti Consonun məktubu Türkiyənin strateji qərar verməsinə səbəb oldu.

1964-cü ildə Türkiyə Kiprə qoşun çıxarmaq hazırlığına başlayır. Məhz bu zaman ABŞ prezidentinin sərt üslubda məktubu ünvanlanır. Prezident Conson iki NATO ölkəsinin (Türkiyə-Yunanıstan) bir-biri ilə savaşmasının mümkünsüz olacağını bildirir. Üstəlik savaş çıxacağı təqdirdə SSRİ Türkiyəyə hücum edərsə, NATO ona üzv olan ölkənin müdafiəsinə yetəri maraq göstərməyəcəyini dolayısı ilə bildirir. Məktubdan sonra Türkiyə müdaxilə qərarından vaz keçir. Baş nazir İsmət İnönü ABŞ-a səfər edərək prezidentlə görüşür.

Məktubun mətni

Türkiyə ictimaiyyəti Consonun 5 iyun 1964-cü ildə İnönüyə göndərdiyi məktubdan tam şəkildə 13 yanvar 1966-cı ildə tanış olub. “Hürriyyət” qəzetində dərc olunan məktubdan aydın olur ki, ABŞ açıq şəkildə Türkiyəyə bunları bildirib:

  • ABŞ Türkiyənin ən mühüm müttəfiqidir. Türkiyə ABŞ-la məsləhətləşmədən qərar almamalıdır;
  • Türkiyə müdaxiləni anlaşmaya əsasən etsə də, anlaşmadakı tərəf dövlətlərlə bu məsələni müzakirə etməli idi;
  • Bu müdaxilə NATO-ya üzv olan Türkiyə və Yunanıstan arasında müharibəyə səbəb ola bilər; Bu, ABŞ və NATO-nun qəbul etmədiyi bir vəziyyətdir;
  • Əgər Türkiyə Kiprə hər hansı bir müdaxilə edərsə, böyük ehtimalla SSRİ də buna qarışacaqdır. SSRİ-nin Türkiyəyə hücumu olarsa, NATO ölkələri Türkiyəni müdafiə etmə məsuliyyəti daşımaya bilər;
  • ABŞ Türkiyə adaya müdaxilə edərsə, ondan satın aldığı silahlardan və digər hərbi ləvazimatlardan istifadəni qəbul etmir;
  • Baş nazir İnönü müdaxilədən öncə prezident Consonla görüşməlidir.

İsmət İnönü 13 iyunda məktuba geniş şəkildə cavab verib. Məktubda bunlar bildirilib:

  • Türkiyə müdaxilədən öncə ABŞ-la məsləhətləşib. 1963-cü ilin sonundan etibarən baş tutan 4 müdaxilədən də Amerika nümayəndələrinin xəbəri olub;
  • ABŞ adada türklərin hüququnu qoruyacağını vəd etsə də, adada vəziyyət daha da kəskinləşib;
  • Əgər Türkiyə müdaxilə edərsə, bunu beynəlxalq qaydalara əsasən edəcək;
  • Türk-Yunan savaşı ancaq Yunanıstan müdaxilə edərsə, baş verə bilər;
  • SSRİ Türkiyəyə hücum etdiyi təqdirdə NATO-nun dəstək olmayacağı məsələsi məntiqdən kənardır və Türkiyədə təəssüfə səbəb olub;
  • Türkiyə sonadək BMT prinsiplərinə sadiqdir, amma BMT adada türklərin zülmə uğramasının qarşısını almayıb;
  • Kiprdəki bu vəziyyət Kipr dövlətinin mövcud anlaşmaları ləğv etdiyi açıqlamasından sonra başlayıb;
  • Baş nazir İnönü prezident Consonla görüşməyi qəbul edir.

İnönü 22-23 iyunda Vaşiqntonda Consonla görüşüb. Conson eyni zamanda Yunanıstanın Baş naziri Yorgo Papandreunu da qəbul edib, amma üçlü görüş olmayıb.

Bu məktubdan sonra Türkiyə tədricən ABD-dən asılılıqdan uzaqlaşmağa, təkrar Sovet İttifaqı ilə münasibətləri yaxşılaşdırmağa başladı. 1967-ci ildə Süleyman Dəmirəlin SSRİ-yə geniş səfəri baş tutdu...


Müəllif: Dilqəm Əhməd