4 Noyabr 2019 16:47
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərində heç bir dəyişiklik olmadı. Demək olar ki, həmsədrlərin bir qayda olaraq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində atdığı addımlar Qarabağdakı separatçı rejimin müddətinin uzanmasına xidmət edib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, üç həmsədr dövlət danışıqlarda manipulyasiya edir və görüntü yaradır:

“Məqsəd isə Qarabağı gələcək perspektivdə Azərbaycandan ayırmaq üçün əsaslar yaratmaqdır. Təbii ki, bu da erməni lobbisinin fəaliyyəti və üç dövlətin xristian təssübşekliyindən qaynaqlanır.

Fikir versək görərik ki, son bir ay ərzində üç həmsədr dövlətin parlament səviyyəsində separtçılarla əməkdaşlıq etdiyi açıq şəkildə ortaya çıxdı. Fransanın bir qrup deputatının Xankəndinə səfəri, buna adekvat olaraq separatçıların Fransaya “işgüzar” səfərləri, bunun ardınca Rusiya Duması deputatlarının işğal olunmuş ərazilərə səfəri və separatçılarla danışıqları, ABŞ konqresmenlərinin Xankəndinə gəlişi, ardınca separtçıların nümayəndəsi Mayilyanın ABŞ Konqresində çıxışını bura aid etmək olar.

Göründüyü kimi, rəsmi Bakının etirazlarına rəğmən üç ölkə parlament səviyyəsində separatizmə, ərazilərin dəyişdirilməsinə, işğala dəsək verir. Vasitəçilər BMT-nin qətnamələrinə, Helsinki Yekun Aktının qərarlarına əhəmiyyət vermirsə, niyə biz danışıqları onlar vasitəsilə aparmalıyıq?”.

Məhəmməd Əsədullazadə Minsk qrupunun fəaliyyətsizliyi fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşün də nəticə verməyəcəyini düşünür:

“Ermənistanın xarici işlər naziri isə danışıqların dalana dirənmədiyini, davam etdiyini qeyd edir, həmçinin liderlərin mümkün görüşü haqda danışır. Bundan sonra isə Paşinyan danışıqlar prosesində irəliləyişin olmadığını vurğulayır. Göründüyü kimi Ermənistanın mövqeyində ziddiyyətlər var.

Cəbhədəki nisbi sakitlik təbii ki, müəyyən bir razılaşmadan irəli gəlir. Bununla yanaşı Paşinyan cəbhədə nisbi sakitliyi vurğulmaqla öyünür, həm də gərginliyin, itkilərin qaçılmaz olduğunu ictimaiyyətə çatdırır”.

Ekspert hesab edir ki, Azərbaycan Ermənistanın ziddiyyətli mövqeyinə adekvat olaraq, hərbi təzyiq mexanizmini işə salmalı, həll prosesini fəallaşdırmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər