Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə dair vasitəçilik fəaliyyətlərində fəal rol oynamağa davam edir.
Teleqraf.com “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
“Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfləri dəstəkləmək Rusiya xarici siyasətinin prioritetlərindən biri olub və ölkə prezidentinin də diqqət mərkəzindədir”, - deyə bəyanatda vurğulanıb.
Rusiya XİN münaqişənin yalnız siyasi diplomatik vasitələrlə, tərəflər arasında danışıqlar yolu ilə həll olunmasının vacibliyini də irəli sürüb: “Fikrimizcə, siyasi iradə olduğu halda diplomatik səylərlə gec-tez irəliləyişə nail olmaq və razılığa gəlmək mümkün olacaq”.
Eyni zamanda Rusiya tərəfinin həm ATƏT-in Dağlıq Qarabağ məsələsinə dair Minsk qrupu həmsədrlərindən biri kimi, həm də Azərbaycan və Ermənistanla münasibətləri nəzərə alınaraq Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bundan sonra da dəstək verəcəyi vurğulanır.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-11-də Ermənistanda səfərdə olacaq.