26 Noyabr 2019 18:38
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, son iki ildə İranda üçüncü kütləvi çıxışlardır. Əvvəlki iki çıxışlarda İranın azərbaycanlı əhalisi hərəkata qoşulmamışdı və bu hadisələrə ehtiyatla yanaşırdı. Amma indi bütün İran, o cümlədən güney azərbaycanlılar da bu hərəkatda yaxından iştirak edirlər.

Bunu İrandakı iğtişaşlarla bağlı fikirlərini Teleqraf.com-la bölüşən politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, İranın təxminən 93 şəhərində bu cür kütləvi çıxışlar baş verməkdə davam edir:

“Doğrudur, bu günlərdə hökumət nikbin açıqlamalar verir və bildirir ki, guya hadisələri ram, adamları isə artıq evlərinə dönməyə məcbur edib. Amma bu sadəcə olaraq, məsələnin bir tərəfidir. Elə bilin ki, yanan ocaq indi korun-korun tüstülənməyə başlayıb. Bu məqamda ən çox diqqət çəkən cəhət İranın hüqun-mühafizə orqanlarının, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərəkat iştirakçılarına qarşı çox amansız rəftar etməsidir. Minimum məlumatlara görə, 206-dan çox adam öldürülüb. Özü də birbaşa müxtəlif çaplı silahlardan, vertolyotlardan atəş açmaqla insanlara qarşı cəza tədbirləri həyata keçirilib. Üç mindən çox etirazçı isə guya insanları ayağa qaldırmaq ittihamı və hərəkatın başçıları qismində həbsə atılıb. Amma bütün bunlara baxmayaraq, hərəkat hələ davam edir”.

Qabil Hüseynli qeyd edib ki, dünya ictimaiyyəti indiki rejimin bu qəddarlığından hiddətlənib:

“Məsələn, İranda islam inqilabı 1978-ci ilin yanvarın 8-də başladı və artıq bir il sonra – 1979-cu il yanvarın 16-da Məhəmməd Rza şah ailəsi ilə birgə İrandan qaçdı. Fevralın 11-də isə inqilabın qalib gəldiyi gün kimi elan edildi. Amma indiki mollalar şaha nisbətdə daha humanist olmalı olduqları halda daha amansız davranırlar. Teokratik rejim həqiqətən dini dəyərlərə üstünlük versəydi, insanlara qarşı bu qədər kobud davranmaz, vətəndaşların maddi rifah halının yaxşılaşdırlması üçün səylər göstərərdi. Əfsuslar olsun ki, bunun əksi baş verir və bütün çıxışların qan içində boğulmasına rəvac verilir”.

Politoloq vurğulayıb ki, hər halda bu hadisələrin baş verməsində ABŞ-ın sanksiyaları önəmli rol oynayıb:

“Birləşmiş Ştatlar bu cəza tədbirlərinə cavab olaraq sanksiyaların yeni formasını da tətbiq edib. Zənnimcə, bu, İran üçün daha ağrılı bir prosesin başlanması demək olacaq. Sanksiyalar İranın neftdən əldə etdiyi gəlirlərinin əhəmiyyətli şəkildə azalmasına səbəb olub. Hökumətin müəyyən sosial islahatlar həyata keçirmək, əhalini küçələrdən yığa bilmək üçün demək olar ki, vəsaiti yoxdur. Necə deyərlər, olan-qalan vəsait də hərbi sahəyə – SEPAH-a, həmçinin, xaricdə bəslədikləri HƏMAS, “Hizbullah” kimi İran dövlətinin maraqlarına xidmət edən və dünya ölkələrinin əksəriyyətində terror təşkilatları kimi tanınan təşkilatlara ayrılır”.

Q.Hüseynli bu səbəbdən ölkədə başlayan hərəkatın sosial xarakterli hərəkat olduğunu vurğulayıb:

“Hələ ki, güney azərbaycanlılar ciddi siyasi tələblər irəli sürməyiblər. Yalnız Xuzistan əyalətində ərəblər daha maksimalist mövqedən çıxış edirlər. Onlar Xuzistanın İrandan ayrılması kimi tələblər irəli sürürlər. Amma bütün bunlara baxmayaraq, İranda baş verən hərəkat insanları birləşdirən dəyərlər üzərində köklənib. Niyyətindən asılı olmayaraq, bütün insanlar teokratik rejimin dəyişdirilməsi istiqamətində səylər göstərirlər. Hər halda indi də olmasa, nə vaxtsa bu hərəkatın qalibiyyətlə nəticələnəcəyinə inam çoxdur”.


Müəllif: Səxavət Həmid