Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında partiya sədrinin müavini-icra katibi Əli Əhmədov jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, partiya yeni parlamentdə gənclərin sayının çox olmasını istəyir.
Teleqraf.com xəbər verir ki, partiyanın bu məqsədlə qurultayının keçirilib-keçirilıməyəcəyinə gəldikdə isə Əli Əhmədov buna ehtiyac olmadığını bildirib:
“YAP-ın bu günədək olan praktikasında fövqəladə qərarlar qəbul edilərkən qurultayın keçirilməsinə elə bir zəruri ehtiyac yaranmayıb. Siyasi Şura, İdarə Heyəti var. Bunlar səlahiyyətli strukturlardır”.
Parlamentdə təmsil olunan deputatların öz yerlərini qoruya bilib-bilməyəcəklərinə gəldikdə isə icra katibi deyib:
“Biz də istərdik ki, parlamentrdə daha çox deputatlarla təmsil olunaq. İstənilən seçkinin taleyini həll edən amil layiqli namizədlərin müəyyənləşdirilməsidir. Ancaq son qərarı seçicilər verəcək. Biz çalışacağıq ki, onların mənafeyini müdafiə edən insanlar daha layiqli olsun”.
Əli Əhmədov seçkinin vaxtının müəyən edilməsinin ölkə prezidentinin səlahiyyətində olduğunu vurğulayıb.