3 Yanvar 2020 15:00
2 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qasım Süleymaninin öldürülməsinə ilk reaksiya verən ölkələrdən biri Rusiya oldu. Rusiya Xarici İşlər Nazirliyi iranlı generalın öldürülməsi ilə əlaqədar İran xalqına dərin hüznlə başsağlığı verib.

Teleqraf.com-un məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, bəyanatda “Süleymaninin ABŞ-ın raket zərbələri nəticəsində öldürülməsinə bütün regionda gərginliyin artmasına gətirib çıxaracaq avantürist addım kimi baxırıq. Qasım Süleymani İranın milli maraqlarının qorunmasına sədaqətlə xidmət edirdi” sözləri yer alıb.

Elxan Şahinoğlu qeyd edib ki, Tehran kimi Moskva da Q.Süleymaninin haqq işinə xidmət etdiyini düşünürdü:

“Süleymani bir neçə dəfə Moskvada olmuş və rusiyalı generallarla Suriyadakı hərbi əməliyyatın detallarını müzakirə etmişdi. Kreml Tehranla tərəfdaş olsa da, İranın Suriyadakı siyasi və hərbi varlığını bir qədər ehtiyatla qarşılayırdı. Buna baxmayaraq, Kreml Süleymani ilə sıx dialoq qurmuşdu və onunla istənilən məsələni həll edirdi. Ona görə də Süleymaninin öldürülməsi eyni zamanda Rusiyanın Suriyadakı maraqlarına toxunur. Ancaq İranın Amerikaya qarşı cavab aksiyasının necə olacağı Kremli də ciddi düşündürür. Çünki bölgədə İran-Amerika qarşıdurması Rusiyanın maraqlarına cavab vermir. İran-Amerika qarşıdurmasının qızışması İsrailin maraqlarına cavab verir”.

Politoloq onu da bildirib ki, Türkiyə Xarici İşlər Nazirliyi hələlik Qasım Süleymaninin öldürülməsinə münasibət bildirməyib:

“Ankara çətin durumdadır. Türkiyə bir tərəfdən Qasım Süleymaninin Suriyadakı əməliyyatlarından narahat idi, digər tərəfdən Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusunun terrorçular siyasına alınmasını dəstəkləmirdi. Ankara eyni zamanda Amerikanın Bağdaddakı səfirliyinə hücumu pisləmişdi. Türkiyə nə qonşusu İranla münasibətləri gərginləşdirmək istəyir, nə də ki, mövcud anlaşmazlıqlara rəğmən, Süleymanini öldürülməsinə görə Vaşinqtonu qınayan açıqlamaya üstünlük verir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər