15 Yanvar 2020 17:54
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il islahatlar ili hesab etmək olar. Çox ciddi struktur islahatları aparıldı. İdarəetmə aparatının sadələşdirilməsi, onun daha məhsuldar işləməsi üçün bir sıra nazirliklər ləğv edildi, müəyyən qurumlar isə müxtəlif nazirliklərə birləşdirildi. Uğurlu struktur islahatları aparıldı və bu da artıq öz nəticələrini verməkdədir.

Bu barədə Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının giriş və yekun nitqində səslənən fikirlərə münasibət bildirən Q.Hüseynli deyib ki, ən mühüm islahatlar kadr islahatları sahəsində aparıldı:

“Kadrların gəncləşdirilməsi, artıq yaşlanmış və belə deyək, dövrün tələbləri ilə ayaqlaşmayan kadrların gənc, qabiliyyətli, yenilikçi kadrlarla əvəz edilməsi prosesi uğurla aparıldı. Artıq həmin kadrlar korpusu uğurla fəaliyyət göstərməkdədir. Prezident Administrasiyasında, Nazirlər Kabinetində ciddi kadr və struktur dəyişiklikləri aparıldı. Bu dəyişikliklər ayrı-ayrı dövlət qurumlarını da əhatə etdi. Bütövlükdə kompleks şəkildə idarəetmə mexanizmi yeniləndi. İndi Milli Məclisə növbədənkənar seçkilər keçirilir. Milli Məclisə seçkilərin məqsədi də ölkədə həyata keçirilən islahatlar strategiyasını, islahatlar praktikasını qanunverici orqana da şamil etməkdir. Bununla əlaqədar olaraq zənnimcə, parlamentə gənc, qanunvericilik işlərini daha yaxşı bilən, yenilikçi təşəbbüsə malik olan adamların seçilməsi prosesi xalqın ixtiyarına veriləcək. Bu da qanunvericilik aparatının daha da təkmilləşməsinə gətirib çıxaracaq. Qanunverici, icraedici aparatın təkmilləşdirilməsi və islahatından sonra növbə hakimiyyətin üçüncü qolu olan məhkəmə hakimiyyətinə də gəlib çatmalıdır. Artıq ədliyyə, hüquq-mühafizə orqanları sistemində də demək olar ki, bir sıra islahatlar başlanılıb və uğurla həyata keçirilir. Bunlar 2019-cu ilin yaddaqalan dəyişiklikləridir”.

2020-ci ildən gözləntilərini bölüşən Q.Hüseynli deyib ki, Azərbaycan bu il islahatların nəticələrini görəcək:

“2020-ci il Azərbaycan üçün daha uğurlu il olmalıdır. Onun sənaye, aqrar sektorunun potensialını xeyli artırmalı, əhalinin maddi rifah halını yüksəltməlidir. Bütövlükdə bu uğurlu addımlar onsuz da regionun öncül, lider dövləti olan Azərbaycanı dünya standartları səviyyəsinə qaldıracaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər