23 Yanvar 2020 17:02
1 459
12 Punto 14 Punto 16 Punto 18 Punto

35 saylı Xətai Seçki Dairəsində keçmiş dostlar - “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu və Ümid Partiyasının sədri İqbal Ağazadə arasında hələ namizədlərin irəli sürülməsi mərhələsinin ilk günlərində əldə olunmuş razılaşmanın çox tezliklə pozulacağına dair proqnozlar özünü tamamilə doğruldub. Budur, “35 saylı” nəinki ən qızğın seçki rəqabətinin getdiyi, həm də namizədlərin bir-birinə badalaq vurduğu, seçki fırıldaqlarına əl atıldığı dairə kimi diqqəti çəkir.

Rauf Arifoğlu-İqbal Ağazadə “savaşında” birinci, jurnalist olaraq bizə bir köynək yaxın olsa da, həqiqət hər şeydən üstündür. Bu baxımdan, 35 saylı dairədə sağlam rəqabət mühitinin məhz İqbal Ağazadə tərəfindən pozulduğunu qeyd etmək, qətiyyən tərəfkeşlik kimi qəbul olunmamalıdır.

Reallıq budur ki, illərlə haqq-ədalətdən danışan, yazan bir jurnalistlə eyni ritorikanı bu gün də davam etdirən siyasətçinin qovğası gedir və ikinci siyasət adamına yaraşmayan oyunlarla bu yarışa cığallıq qatır.

Məsələn, Rauf Çərkəz oğlu Abbasov adlı qusarlı bir işsiz, təhsilsiz, həm də iddiasız adamın gəlib Bakının göbəyində - Xətai rayonunda deputatlığa namizəd olması barədə ilk xəbər mətbuata çıxanda və Arifoğlu cəbhəsi bunun avantüra olduğunu iddia edərək, komediyanın arxasında İqbal Ağzadənin olduğunu iddia edəndə, deyilənlərə beşi inansa da, beşi inanmamışdı. Kimsə hesab edə bilərdi ki, bəlkə də bu, heç İqbal Ağazadənin təşəbbüsü ilə olmayıb, keçmiş müttəfiqləri bir-birilə vuruşdurmaq istəyən üçüncü qüvvənin – daha məkrli siyasət yürüdən başqa namizədin işidir.

İqbal Ağazadə cəbhəsi də iddia edirdi ki, bu hadisədən xəbəri yoxdur, bu məsələdə onların adının çəkilməsi iftiradır, böhtandır, qarayaxmadır, “uduzacağını hiss edən namizədin bəhanəsi”dir.

R.Arifoğlunun qərargahı isə onların bostanına atılan daşın hansı sapanddan çıxdığını əminliklə söyləyirdi. Yenə də bu iddiaya inanlar və inanmayanlar vardı.

Ancaq dünən axşam Musavat.com saytında dərc olunan məqalə və məqalədəki dəlil-sübutlar heç bir şübhəyə yer qoymur: Qusardan eyni ad-soyadlı adamı tapıb gətirərək seçki bülletenində Rauf Arifoğlunun adıyla qonşu etmək planı birmənalı olaraq İqbal Ağzadənin “başının altından çıxıb”.

Artıq buna heç bir şəkk-şübhə yoxdur. Qusarlı Raufun vəkili Ümid partiyasının funksioneri Qoşqar Bəylərdir. Lakin, o, vəkilliyini etdiyi adamdan daha çox İqbal Ağazadəni təbliğ edir. Qırılmaz xətt və bağlantılar göz qabağındadır.

Əslində qusarlı Rauf Abbasovun təbliğata, kampaniyaya heç bir ehtiyacı yoxdur, adam siyasətin “s”-sindən xəbərsizdir, hansı oyuna cəlb olunduğunu da bilmir, 3-5 manat “qonorar”ını alıb, adını MSK-ya göndərib, öz missiyasını tamamlayıb.

Bu fırıldaq faş olandan sonra artıq İqbal Ağzadənin, Tağı Əhmədovun məşhur ifadəsi ilə desək, burcutmağa yeri yoxdur. Bu avantüranı nəinki keçmiş dost-müttəfiqə, hətta ən barışmaz rəqibə qarşı etmək də ayıbdır. Çünki məsələnin məğzində seçicinin aldadılması niyyəti durur. Bəli, istər mətbuatda (Daha çox da “Yeni Müsavat” qəzetində və Musavat TV-də) həmişə haqq-ədalətdən, mərdlikdən, dürüst mübarizədən, xalqa namuslu xidmətdən danışan İqbal Ağazadə, ucqar bir rayonda yaşayan Rauf Abbasovu gətirib Xətai rayonundan namizəd etməklə, Xətai seçicilərini aldatmaq, öz rəqibinin səslərini ad-soyad oxşarlığından istifadə edərək parçalamaq (ya da qismən azaltmaq) məqsədi güdür. Sonra da eyni adam sosial şəbəkədəki hesabında “mən heç kimlə dalaşmayacağam, oyun qaydalarını pozmayacağam” deyə açıqlama yayır. “Oyun qaydasını pozmayacağam” demək nədir, seçicinin qarşısına ikinci Rauf Abbasov çıxarmaq nə? Məgər parlament seçkilərinin qaydalarında belə bir müddəa nəzərdə tutulur ki, eyni ad-soyadlı şəxsləri qəsdən, süni şəkildə bir dairədə yarışdırmaq olar?

Bu, həm daima demokratiyaya dair mühazirələr oxuyan adam üçün ayıb hərəkətdir, həm də konkret olaraq seçicilərin aldadılmasına yönəlmiş davranışdır, yəni həm də onlara qarşı böyük hörmətsizlikdir.

Gərək MSK ortaya çıxarılmış təfərrüatları, dəlil-sübutları nəzərə alaraq, parlament seçkilərinin obyektivliyinə kölgə salan bu kimi hadisələrə lazımi qiymət versin. Başqa sözlə, qusarlı Rauf Abbasov MSK-ya dəvət edilməli, ona məsuliyyəti anladılmalı, namizəddirsə, kampaniya aparmasının zərurəti izah olunmalıdır. Əgər adam doğru-dürüst şəkildə namizəd ola bilmirsə, olmursa, onun namizədliyi idman terminləri ilə desək, “lipa” elan edilməli və ləğv olunmalıdır ki, seçki bülletenində əl-ayağa dolaşıb seçkinin reputasiyasına xələl, siyasi prosesə çirkinlik gətirməsin.

İqbal Ağazadə isə gərək bundan sonra hər hansı bir publika önündə demokratiyadan, halallıqdan, dürüstlükdən, dosta sədaqətdən danışmasın. Onun “qumbarası əlində partladı”...

Seçkidə bir-birinə rəqib olmaq, yarışmaq qəbahət deyil. Ona qalsa, ən yaxın dostlar, qardaşlar da bir-birilə mərc qoşaraq nərd, şahmat və s. oyunlar oynayırlar, biri udur, biri uduzur, amma bunu düşmənçiliyə çevirmirlər. Seçki yarışına da o cür baxmaq mümkündür və əslində elə olmalıdır. Bu, ölüm-qalım məsələsi deyil, 5 ildən sonra yenidən təşkil olunası, revanş imkanı yaranası bir yarışdır. Bu məsələdə qəbahət olan sağlam rəqabət aparmaq yerinə köhnə dosta (lap elə qatı düşmənə) qarşı yolverilməz oyunlardan istifadə etmək, badalaq vurmaqdır...

Bir zamanlar İqbal Ağazadə və Rauf Arifoğlu ikilikdə çox nərd oynayıblar. Kimin daha çox udduğunu deyə bilmərik. Güman etmək olar ki, İqbal Ağazadənin də arada udan vaxtları olub, amma belə görünür ki, çox vaxt buna ya zər tutmaq, ya da daş sürüşdürmək hesabına nail olub...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər