Amerika Birləşmiş Ştatlarının "The Washington Free Beacon" onlayn qəzetinin baş redaktoru Eliana Consonun müəllifliyi ilə ABŞ-ın Kuinsi İnstitutunun fəaliyyəti ilə bağlı məqalə dərc olunub.
Teleqraf.com xəbər verir ki, məqalədə diqqəti cəlb edən əsas məqamlardan biri, Kuinsi İnstitutunun icraçı direktoru Sara Li Vitson barədə yazılan fikirlərdir. Belə ki, burada qeyd edilir: "Sara Li Vitson ABŞ-ın ən böyük erməni lobbi təşkilatı olan Amerikanın Erməni Milli Komitəsinin (ANCA) pul yığmaq kampaniyasına kömək edib". Daha sonra müəllif davam edir:"ANCA Ermənistanın Dağlıq Qarabağı ilhaq etməsini təşviq edir".
Amerikanın nüfuzlu qəzetində Ermənistanın işğalçılıq siyasəti ilə bağlı belə bir mövqenin ortaya qoyulması, Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında münaqişənin həlli üzrə danışıqların davam etdiyi bir vaxtda məqalənin dərc olunması, ABŞ-ın mövqeyini Ermənistan tərəfinə xatırlatmaq məqsədi güdür. Digər tərəfdən bu, ABŞ-ın da təmsil olunduğu ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən münaqişənin tərəfləri olan iki ölkəyə sülh planı qismində təqdim edilən sənədin Ermənistan tərəfindən açıqlanmasına cavab olaraq beynəlxalq ictimaiyyətin rəsmi Yerevana cavabı kimi nəzərdən keçirilməlidir.