“Ermənistanın Rusiyadan əldə etdiyi Su-30 nəslindən olan qırıcı təyyarələrin müxtəlif modifikasiyalarının qəzaya uğraması barədə bu günə kimi iyirmidən artıq fakt məlumdur”.
Bunu Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş imkanlarının hesablanması üzrə mütəxəssisi, ehtiyatda olan polkovnik Oqtay Bədəlov bildirib.
Onun sözlərinə görə, Su-30 qırıcılarının qəzaya uğraması hallarının artmasından başqa onların döyüş keyfiyyətlərinin köhnəliyi və müasir standartlara cavab verməməsi də diqqət çəkir: “Maraqlı bir faktı açıqlayım. Məsələn, keçən əsrin 90-cı illərindən Su-30MKİ qırıcıları Hindistan HHQ-nin silahlanmasında əsas yerlərdən birini tutur. Hindistanda Su-30MKİ qırıcılarının iştirakı ilə baş verən aviasiya qəzaları və insidentlərin 10 faizindən çoxu məhz bu tip təyyarələrin quş sürüsü ilə toqquşması nəticəsində baş verib. Müasir dünyada baş verən silahlı münaqişələrdə istifadəsi çətin və təhlükələrə qarşı perspektivsiz olan Su-30-ların istismarı da çox baha başa gəlir. Belə ki, qırıcının bir saat uçuşuna sərf olunan məbləğ təqribən 50 min ABŞ dollarından artıqdır. Manevr imkanlarının məhdud və istismarının bahalı olması cari ilin mart ayından “Hindustan Aeronautics” şirkəti tərəfindən bu tip təyyarələrin istehsalını dayandırması barədə qərar verməsinə səbəb olub./Report/