Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən, çox haqlı olaraq Avropa Şurasını sərt tənqid edib. Avropa Şurasının yürütdüyü ikili standart siyasəti uzun müddətdir ki, Azərbaycana və Türkiyəyə qarşı davam etməkdədir. Əslində bunun bir tarixi səbəbi də var.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
O qeyd edib ki, Qərbin siyasi baxışları bölgədə hər zaman xristian dövlətlərinin, etnik azlıqların müdafiəsini və türk dövlətlərinin güclənməməsini tələb edirdi:
“Yüz il əvvəl Qərbin Türkiyə və Azərbaycana qarşı Sevr müqaviləsi, “Böyük Ermənistan” yaratmaq ideyaları, onları reallaşdırmaq istəmələri də əslində bunun əyani göstəricisidir. Yüz il keçib, amma biz eyni məsələlərin yenə də gündəmdə olmasının şahidiyik. Bu məsələlər ikili standartlar, ayrı-seçkilik və riyakarlıqdır.
Demokratiya, insan hüquq və azadlıqları adı ilə Qərb öz məkrli planlarını həyata keçirməkdədir. Niyə Qərb bu gün Ermənistanın Baş naziri Nikol Paşinyanın öz siyasi rəqiblərinə qarşı apardığı qeyri-sağlam mübarizəyə göz yumur? Niyə Avropa Şurası bu ölkədə siyasi məhbusların olmasını Ermənistan rəhbərliyinin qarşısında qaldırmır, amma Azərbaycanın qarşısında qaldırır? Avropa Şurası eyni məsələlərdə fərqli mövqe nümayiş etdirir”.
Z.Məmmədov qeyd edib ki, bu məsələləri heç şübhəsiz, Azərbaycan dövlətinin başçısı da bilir:
“Buna görə də rəsmi Bakı uzun illərdir bütün vektorlarla rasionallığa istiqamətlənən bir siyasət yürütməkdə davam edir”.
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanda guya siyasi məhbusların olmasına dair qəbul etdiyi qətnaməyə də münasibət bildirən Z.Məmmədov deyib ki, Avropa Şurası yaxşı olar ki, siyasi məhbusların olduğu və insan hüquqlarının açıq-aşkar şəkildə pozulduğu ölkələrə diqqət yetirsin:
”Təkcə 2020-ci ilin yanvar ayı ərzində Ermənistanda artıq bir neçə keçmiş siyasi xadimlərə qarşı cinayət hərəkətlərini görmüşük. Lakin Avropa bunlarla bağlı susqunluq nümayiş etdirir. Azərbaycanda isə kiminsə başında tük əskik olan kimi həyəcan təbili çalırlar. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu, tam olaraq qeyri-sağlam siyasətdir. Hansı ki, uzun müddətdir bizə münasibətdə yürüdülməkdədir”.