7 Fevral 2020 23:55
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir siyasətçi separatçıların yanına yollanıb onlarla görüşərsə və dəstəkləyərsə, terrora haqq qazandırarsa, o, Avropa dəyərlərinə riayət edən adam sayıla bilərmi?

Bir siyasətçi sərxoş vəziyyətdə polisi hədələyərsə, gömrükçülərə "Murdarlar! Hamınızı ölüm düşərgəsinə yollayacam!" bağırarsa, onu demokratiya müdafiəçisi və əxlaqlı insan hesab etmək mümkündür?

Və ən nəhayət, bir siyasətçi seçki prosesini müşahidə etmək üçün yollanmaq fikrində olduğu ölkə barədə "Oradakı seçkilərin nəticələrini əvvəlcədən bilirəm" deyərsə, onu məntiqli və adekvat qəbul etmək olarmı?

ATƏT-in Parlament Assambleyasının (Avropa Parlamenti) sabiq vitse-prezidenti, hazırda AŞPA-da Polşanı təmsil edən deputat Yasek Protaseviç belə siyasətçidir.

Daha doğrusu, Dçhz bu siyasətçidir.

Altı il əvvəl, 2014-cü ilin fevralın 26-da Polşadakı liberal-mühafizəkar "Polşa Respublikasının Vətəndaş Platforması" (Platforma Obywatelska Rzeczypospolitej Polskiej, PORP) funksioneri, Avropa Parlamentinin sabiq vitse-prezidenti Yasek Protaseviç Almaniyanın Frankfurt-Mayn şəhərinin beynəlxalq hava limanında dava salmışdı.

Siyasətçi o qədər sərxoş idi ki, ayaq üstə güclə dururdu. Onu sakitləşdirmək istəyən polislərə, gömrükçülərə və hava limanının əməkdaşlarına qışqıran, onları söyən, təhqir edən Y.Protaseviç sağ əlini yuxarı qaldıraraq "Hayl Hitler!" bağırıb.

Daha sonra o, polislərlə gömrükçüləri hədələyib: "Sizi Auşvisə yollayacam! Siz orada işləməlisiniz!"

Xatırladaq ki, Auşvis İkinci Dünya Müharibəsi illərində nasistlərin Polşada yaratdıqları, yüz minlərlə insanı məhv etdikləri və dünyanın "Osvensim" kimi tanıdıqları konsentrasiya düşərgəsi idi.

Böyük qalmaqal yaranmışdı. Polşanın baş naziri Donald Tusk "biabırçı olayın ən ciddi şəkildə araşdırılacağını" vəd etsə də, Y.Protaseviç cəzasız qalmışdı.

Avropa Şurasının Parlamentində Belarusla münasibətlər üzrə daimi komissiyanın sədri, habelə vətəndaş azadlıqları, ədliyyə və daxili işlər, həmçinin insan haqları komissiyalarının üzvü olan Y.Protaseviç əyyaşlığı və içəndə nasist salamı verməsi ilə bağlı qalmaqalları ilə yanaşı, separatçılara xüsusi "rəğbət"i ilə tanınır.

Y.Protaseviç İspaniya mediasında "yaramaz və ikiüzlü" siyasətçi kimi təqdim olunur. Səbəb polyak siyasətçinin bask separatçılara tam dəstək verməsi, "Kataloniyanın müstəqilliyi" idefiksini dəstəkləməsidir.

Və yenə də altı il əvvəl, 2014-cü ilin iyun ayında Y.Protaseviç Dağlıq Qarabağa yollanmış, Xankəndidəki separatçı xuntanın rəhbərliyi ilə görüşmüşdü.

O, Xankəndidə olarkən Dağlıq Qarabağdakı terrorçu rejimin rəhbəri Bako Saakyan, "xarici işlər naziri" Karen Mirzoyan, Ermənistan parlamentinin deputatı Tevan Poqsyan, "Ermənistanın Avropalı Dostları" təşkilatının direktoru Eduardo Lorenso Oçoa ilə də görüşmüşdü.

Ermənistan mediası və siyasətçiləri bu səfəri "Dağlıq Qarabağın beynəlxalq arenada tanınmasına yönəlmiş hadisə, yüksəkçinli avropalı məmurun dəstək səfəri" kimi qələmə vermişdilər.

Erməni separatçılarla çox sıx əlaqələri olan və rəsmi İrəvanın ən fərqli formalarda dəstəklədiyi, hətta rüşvət qismində "ianələr yolladığı" barədə çoxsaylı iddialar dolaşan Yasek Protaseviçi Avropa Şurasının Parlament Assambleyası Azərbaycana, fevralın 9-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün formalaşdırdığı missiyanın tərkibinə daxil etmişdi.

Avropa Parlamentinin sabiq vitse-prezidentinin, hazırda AŞPA-da Polşanı təmsil edən deputatın adının Azərbaycan XİN-nin "qara siyahısı"nda olması avropalı siyasətçilər üçün deyəsən, "sürpriz" olub.

Avropa Şurasının Parlament Assambleyası də bundan dolayı, naçar qalaraq Y.Protaseviçin adını müşahidəçilər missiyasının siyahısından, özünü isə heyətin tərkibindən çıxarmalı olub.

Kiçik hadisə, adi durum da sayılardı bəlkə. Amma əsla belə deyil.

Y.Protaseviçin qarabağlı erməni separatçıları ilə sıx əlaqələri, Ermənistanın siyasi-biznes elitası ilə münasibətləri, Avropa ölkələrindəki erməni diaspor təşkilatları ilə təmasları, ən nəhayət onun Azərbaycana gəlişi arzuolunmaz şəxslərin siyahısında yer alması AŞPA üçün əsla sirr deyil.

Azərbaycana qərəzli, hətta aşkar düşmən münasibət bəsləyən bu adamın fevralın 9-da keçiriləcək parlament seçkilərini müşahidə edəcək missiyanın tərkibinə daxil edilməsi heç bir halda səhlənkarlıq, səhv və ya texniki problem deyil.

Yasek Protaseviçin siyasi mövqeyini və xüsusilə də Bakıya "münasibət"ləri bilsələr də, onun seçki müşahidəçisi qismində görəvləndirməsi əslində AŞPA-nın ümumiyyətlə, Azərbaycandakı parlament seçkiləri ilə bağlı tutduğu mövqeni göstərir.

Seçkilər fevralın 9-da olacaq, amma AŞPA indidən "mövqeyi"ni, daha doğrusu, mövqesizliyini və qərəzini artıq formalaşdırıb.

Parlament seçkilərinin gedişatı, seçicilərin aktivlik səviyyəsi, prosesin özü və sonuclar AŞPA üçün deyəsən, qətiyyən maraqlı deyil. Bu strukturu Azərbaycanda aparılan genişmiqyaslı islahatlar, siyasi və sosial yenilənmə də ilgiləndirmir.

Maraqlı olan faktiki əvvəlcədən hazırlanmış "hesabat"a legitim forma vermək üçün göndərilmiş missiyanın müşahidəçilikdən daha çox, aqressiv və radikal namizədlərə dəstək verməsidir.

Avropa Şurasının Parlament Assambleyası etiraf etmək istəmir ki, bir zamanlar siyasi ədalət simvolu kimi yaradılmış pan-Avropa strukturu olsa da, indi tamamilə nüfuzdan düşmüş siyasi ximeraya, dağılaraq parçalanmaqda olan siyasi illüziyaya və məhv olmuş arzunun viranəsinə çevrilməkdədir.

Bu struktur ikili standartlar siyasətini fəaliyyət leytmotivinə çevirdiyindən, terrorçulara və separatçılara dəstək verən, "Hayl Hitler!" deyən Yasek Protaseviç kimilərinin "obyektiv rəy" açıqladığı marionet teatrına çevrilib.

Azərbaycanın daxili siyasətinin yanlış interpretasiyası, bütün beynəlxalq qanunların və siyasi etiket qaydalarının pozulması şərtilə Bakıya təzyiq cəhdləri, habelə Ermənistandakı siyasi qətllərin, repressiyaların və təqiblərin inadla "görülməməsi" AŞPA kimi təşkilatları siyasi dalana doğru aparır.

Sözügedən təşkilat günlər keçdikcə Avropanın demokratik, liberal dəyərlərinin qəbirqazanına çevrilir.

Özü Avropa Şurasının Parlament Assambleyası sayılsa da...

Elçin Alıoğlu
Milli.Az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər