14 Fevral 2020 16:41
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Mərkəzi Seçki Komissiyasının fevralın 13-də keçirilən iclasında 4 seçki dairəsi – 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə səsvermənin nəticəsi etibarsız hesab olunub.

Teleqraf.com seçki dairələri üzrə səsvermənin nəticələrini hansı hallarda etibarsız hesab edilməsini araşdırıb. Aydın olub ki, bu məsələ Seçki Məcəlləsinin 170-ci maddəsi (Birmandatlı seçki dairəsi üzrə seçkilərin baş tutmaması və ya seçkilərin etibarsız sayılması) ilə tənzimlənir.

Beləliklə, Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının 4 seçki dairəsində seçkinin nəticələrinin etibarsız hesab edilməsinə dair qərarlarında əsasən Seçki Məcəlləsinin 170-ci maddəsinə istinad olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər