Xəbər verildiyi kimi, Mərkəzi Seçki Komissiyasının 13 fevral tarixli iclasında 4 seçki dairəsi – 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan üzrə səsvermənin nəticəsi etibarsız hesab olunub.
Teleqraf.com həmin qərarların səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair hissəsini (çıxarışı) təqdim edir.
Beləliklə, Mərkəzi Seçki Komissiyasının 33 saylı Xətai birinci seçki dairəsində səsvermənin nəticələrinin etibarsız sayılmasına dair qərarında deyilir:
“Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə sözügedən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 4, 6 7, 8, 9, 11, 14, 15, 19, 20, 24, 25, 26, 29, 31, 32, 33, 34, 36, 37 və 38 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranıb. Nəticələri etibarsız hesab ediləcək seçki məntəqələrinin sayı seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil edir. Həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil edir.
Belə ki, səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı 21, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı 25386, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 40, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə 47614-dür.
Göstərilənlərə əsasən müraciətin (33 saylı Xətai birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Fuad Abbasov nəzərdə tutulur-S.Həmid) təmin edilməsi, seçki dairəsinin 4, 6, 7, 8, 9, 11, 14, 15, 19, 20, 24, 25, 26, 29, 31, 32, 33, 34, 36, 37 və 38 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılması üçün hüquqi əsaslar yaranıb”.
Ali seçki qurumunun 35 saylı Xətai üçüncü seçki dairəsində səsvermənin nəticələrinin etibarsız sayılmasına dair qərarında bunlar əks olunur:
“Milli Məclisə seçkilərdə səsvermə ilə əlaqədar sosial şəbəkələrdə yerləşdirilmiş materialların, 35 saylı Xətai üçüncü seçki dairəsinin əhatə etdiyi 10 seçki məntəqəsində Mərkəzi Seçki Komissiyası tərəfindən quraşdırılmış və seçki günü fasiləsiz fəaliyyət göstərmiş veb-kameraların görüntülərinin və digər materialların araşdırılmasının nəticələrinə əsasən müraciətin (Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Rəfail Tağızadənin, 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd İqbal Ağazadə və Ümid Partiyasının digər səlahiyyətli nümayəndəsi Taleh Əliyevin müraciəti nəzərdə tutulur-S.Həmid) qismən təmin edilməsi, seçki dairəsinin 1-30 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılması üçün hüquqi əsaslar yaranıb. Belə ki, 35 saylı Xətai üçüncü seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli və həmin seçki dairəsi üzrə Milli Məclisə seçkilər etibarsız sayılmalıdır”.
74 saylı Lənkəran kənd seçki dairəsi üzrə qəbul edilmiş qərarda deyilir:
“Sosial şəbəkələr vasitəsi ilə edilən paylaşımlar, təqdim edilmiş aktlar, həmçinin, video görüntülər nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək seçki qanunvericiliyinin pozulmasının baş verdiyi, seçki məntəqəsində səsvermənin nəticələrinin elan edilməməsi, protokolların surətinin müşahidəçilərə verilməməsi və seçki prosesinə müdaxilə edilməsi iddiaları öz təsdiqini tapıb.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən və digər məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları alınaraq baxış keçirilib. Baxış nəticəsində 2, 3, 5, 6, 8, 9, 10, 13, 17, 19, 20, 22, 29, 31, 32 və 35 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair yekun protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilib.
Belə ki, 2, 3, 5, 6, 8, 9, 10, 13, 17, 19, 20, 22, 29, 31, 32 və 35 saylı seçki məntəqələri məntəqə seçki komissiyaları tərəfindən tərtib və təqdim olunmuş səsvermənin nəticələrinə dair yekun protokollarda səslərin söz və rəqəmlə yazılışında qanunvericiliyin tələbinə əməl edilməyib, yolverilməz düzəlişlər və fərqlər, namizədlərə verilmiş etibarlı hesab edilmiş səslərin ümumi saya uyğun olmaması, balansın pozulması, seçicilərə verilmiş bülletenlərlə səsvermə qutusundan çıxan bülletenlərin sayı arasında fərqlər, bəzi namizədlərə aid səslərə sonradan düzəlişin edilməsi halları müəyyən edilib.
Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 1,2, 3, 5, 6, 7, 8, 9, 10, 13, 14, 15, 17, 19, 20, 21, 22, 24, 28, 29, 30, 31, 32, 33, 35, 38 və 39 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranıb. Nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil edir. Həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil edir.
Odur ki, səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı 27, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı 26771, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 39, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə 35807-dir”.
MSK-nın 80 saylı İmişli-Beyləqan seçki dairəsində səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə dair qərarında isə göstərilir:
“Sosial şəbəkələr vasitəsi ilə edilən paylaşımlar, təqdim edilmiş aktlar, həmçinin video görüntülər nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək seçki qanunvericiliyinin pozulması və protokolların surətinin müşahidəçilərə verilməməsi iddiaları öz təsdiqini tapıb.
Müəyyən edilib ki, 6, 8, 9, 10, 11, 12, 14, 15, 19, 31, 32, 36, 41, 44, 45, 46, 47 və 48 saylı seçki məntəqələrində səsvermə prosesində və səsvermənin nəticələrinin hesablanmasında Seçki Məcəlləsinin tələbləri ciddi şəkildə pozulub. Bunun nəticəsində həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etmək mümkün olmayıb.
Belə ki, səsvermə prosesində seçicinin iradəsini müəyyən etməyə imkan verməyən hallar, seçki bülletenlərinin sol küncünün əvvəlcədən kəsilməsi, səsvermənin nəticələrinin seçki məntəqələrində elan edilməməsi, protokolların surətinin müşahidəçilərə və digər maraqlı subyektlərə verilməməsi və seçkilərin nəticəsinə təsir edə biləcək seçki qanunvericiliyinin pozulması halları öz təsdiqini tapıb.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq araşdırılmış 5, 16, 18, 20, 22, 26, 27, 29, 30, 33 və 43 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib.
Belə ki, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollarda səslərin söz və rəqəmlə yazılışında yolverilməz düzəlişlər, namizədlərə verilmiş etibarlı hesab edilmiş səslərin ümumi saya uyğun olmaması, balansın pozulması, seçicilərə verilmiş bülletenlərlə səsvermə qutusundan çıxan bülletenlərin sayı arasında fərqlər, bəzi namizədlərə aid səslərə sonradan düzəlişin edilməsi halları müəyyən edilib.
Nəticələri etibarsız hesab ediləcək seçki məntəqələrinin sayı seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil edir. Həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil edir. Səsvermənin nəticələri etibarsız hesab ediləcək seçki məntəqələrinin sayı 29, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı 24 644, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 49, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə 43 080-dir. Göstərilənlərə əsasən müraciətlərin təmin edilməsi, seçki dairəsinin 5, 6, 8, 9, 10, 11, 12, 14, 15, 16, 18, 19, 20, 22, 26, 27, 29, 30, 31, 32, 33, 36, 41, 43, 44, 45, 46, 47 və 48 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılması üçün hüquqi əsaslar yaranıb”.