Ən azı dostlardan gözləmədiyimiz bir olay oldu. Sosial şəbəkədə bizi informasiya manipulyasiyası etməkdə ittiham etdilər.
Bu mövzuya əslində cavabımız verilib. Etiraf edirəm, hətta gərəkdiyindən daha sərt verilib. Yəni elə burada da nöqtə qoymaq olardı. Amma belə hiss edirəm ki, insanlar oxumadan, məsələnin mahiyyətinə varmadan reaksiya verməyi, haqlı-haqsız çıxarmağı, ittiham etməyi “boyunlarının borcu” hesab edir, boylarını aşan statuslarla qarşımıza çıxırlar. O səbəbdən bəzi məqamlara bir daha aydınlıq gətirilməsinə ehtiyac olduğunu düşündüm.
Əslində, bu, heç də hansısa həmkarlara və dostlara cavab da deyil, aydınlatmadır, izahdır: aysberqin görünməyən tərəfində nələr baş verir və informasiya siyasətimizin qurulmasında nələrdən istifadə edirik – bunlar haqda qısaca bir təsəvvür yaratmaq vaxtıdır, görünür.
Səbəblərini izah etdikcə biləcəksiniz.
Öncə Axar.az-ın Mixail Qorbaçovun 30 il öncə dediyi bir fikri xatırlatmaq zərurətindən danışım: Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında beynəlxalq ictimaiyyətin böyük marağına səbəb olan məlum debat oldu. Həmin debatı əminəm izləmisiniz, Paşinyan əvvəldən sonadək sərsəm, həqiqəti əks etdirməyən bəyanatlar səsləndirdi. Azərbaycan Prezidentinin tarixi həqiqətləri ifadə edən çıxışına cavab vermək üçün hətta eramızdan əvvəlki “tarixə” - ermənilərin özləri üçün uydurduqları “tarixdən” söhbət gedir – sığınmağa, Böyük Tiqranı xatırlatmaqla, “qədimliklərini” göstərməyə çalışdı. Daha sonra SSRİ-nin dağılması ərəfəsini “yada saldı”, “Azərbaycan SSR SSRİ tərkibindən hansı hüquqla çıxıbsa, Dağlıq Qarabağ Muxtar Vilayəti də eyni hüquqla müstəqillik əldə edib” - deyə, absurd fikirlər səsləndirdi...
Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyev bu mötəbər tədbirdə vaxtın imkanları çərçivəsində Paşinyana mükəmməl və lakonik cavablar verdi və bunu Prezidentimizin atmacalarına auditoriyanın reaksiyasında da görmək mümkün idi.
Bu debatdan sonra Paşinyanın Münhendə İlham Əliyevə rüsvayçı səviyyədə uduzduğunu bildirən erməni politoloq və ictimai xadimlərinin bir-birinin ardınca konfransları, bəyanatları, yazılı açıqlamaları sıralandı. Onlar Paşinyanı ciddi tənqid edirdilər ki, “möhtəşəm erməni tarixini və Qarabağ həqiqətlərini” dünyaya çatdıra bilməyib, rəqibinin qarşısında biabır olub. Bunun ardınca isə onların saxta tarixi, saxta hüquqi “arqumentləri” gəlirdi və hələ də davam edir...
Başqa sözlə desək, Münhen debatının ictimai və media sektorunda geniş əks-sədası başlayıb və əlbəttə ki, biz bu prosesdən kənarda qala bilməzdik! Zatən informasiya savaşının içindəyik, amma hazırkı dalğa daha böyük enerji tələb edir və buna cavab verməli, lazımi məqamlarda sözümüzü deməliyik!
Və bu, yalnız media olaraq bizim vəzifəmiz deyil – bu, bir vətəndaşlıq borcudur və siyasi ekspertlər, ictimai-siyasi fəallar, elm adamları bu cür proseslərdə öz vətəndaşlıq görəvini yerinə yetirməlidir. Bu məsələdə əsas yük vətəndaş cəmiyyəti nümayəndələrinin, müstəqil politoloqların, tarixçilərin, deputatların, siyasi partiya yetkililərinin üzərinə düşməlidir. Hansı ki, Ermənistanda bu fəaliyyətlə məhz erməni siyasi elitasını təşkil edən politoloqlar, siyasi şərhçilər, deputatlar, tarixçilər məşğuldur, erməni mediası isə onların araşdırmalarını (oxu: uydurmalarını) yaymaqdan başqa heç nə etmir: sanki “süddən çıxmış ağ qaşıqdırlar”, media prinsiplərinə sadiqdirlər, bitərəfdirlər və s…
Erməni mediasını izləyənlər əminəm ki, bunu da görür, bilir.
Bizdə vəziyyət necədir?
Yalnız media araşdırır, media tapır, media politoloqa yalvarır ki, vaxt elə, bu məsələyə 3 cümləlik şərh ver, 5 cümlə də özüm əlavə edib sənin adından yayacam. Təbliğat savaşında iştirak edən, yüksək peşəkarlıqla düşmən tərəfin arqumentlərini sıradan çıxaran xaricidilli media orqanlarımızın imkanları da arzuladığımız səviyyədə deyil.
Və biz məhdud imkanlarla, bir az fədakarlıq, bir da vətəndaşlıq mövqeyi ilə, günümüzü deyil, sutkalarımızı sərf edərək, bu savaşda mövqeyimizi qorumağa çalışırıq.
Paşinyan deyir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti konstitusion hüququndan istifadə edərək SSRİ-dən çıxıb. Biz də Paşinyanın haqsız olduğunun sübutlarından biri kimi SSRİ prezidenti Mixail Qorbaçovun 30 il əvvəl “Vremya” xəbər proqramında səsləndirilən rəsmi bəyanatının videosunu tirajlayırıq.
SSRİ Konstitusiyasında müstəqil olmaqla bağlı hüquq yalnız 15 müttəfiq respublikaya aid idi. DQMV isə Azərbaycanın tərkib hissəsi olduğu üçün bu əlahiddə hüquq ona verilə bilməzdi. Hətta bunu ermənipərəst Qorbaçov belə dilə gətirib.
Həmin məlumat yayılandan və sosial şəbəkələrin erməni və rus seqmentlərində ciddi səyimizlə yayılandan sonra vərdiş etdiyimiz gündəlik “erməni hücumu” daha da şiddətləndi: səhifəmizin qapadılması üçün ermənilərin təşkilatlanmış FB komandalarının Marka “müraciətləri” kütləviləşdi, Feysbukdan bir ayda 3-cü xəbərdarlıq bildirişi aldıq və səhifələrimizi qorumaq üçün səfərbər olduq.
Bu prosesə can, vəsait, vaxt, əsəb gedir…
Digər tərəfdən, Axar.az-ın elektron ünvanlarına və sosial şəbəkədəki açdığı polemikalarına onlarla söyüş yağdırır gün ərzində erməni sosial şəbəkə istifadəçiləri.
Əlbəttə, anlaşılandır, biz bunu başa düşürük, ancaq o qədər total söyüş-çağırışlara cavab vermək mümkün deyil – onda gərək redaksiyanın işlərini görməyək. Gücümüz çatdıqca neytrallaşdırmağa, statuslarını silməyə və təbliğatı davam etməyə çalışırıq. Hər nə qədər özümüzə təskinlik versək də, bu təhqirlər istər-istəməz əsəblərimizi gərir…
Və bir də görürük ki, sosial şəbəkələrin Azərbaycan seqmentində eynilə ermənilərin bizə yazdıqlarının azərbaycancaya bir az abırlı “tərcümələri” peş-peşədir.
Əzizlərim, bu məsələdə ermənilərlə sizin mövqeləriniz necə, hansı məntiqlə üst-üstə düşür?..
Biz redaksiya olaraq bu informasiya savaşında sizdən dəstək istəyirik, yardım gözləyirik: biz də istəyirik ki, azərbaycanlı alimlərin, məsələn, bu mərhələdə özləri Tiqrandan yazsın və bizə göndərsin; biz də istəyirik ki, bu və ya digər politoloqumuz ermənilərin etdiyi kimi, bir neçə dildə bəyanatlar göndərsin və biz onları tirajlayaq; biz də ermənilərin səhifələrimizi bloklamaq çağırışları qarşısında ictimai fəallarımızın “layk” dəstəyini gözləyirik – sosial şəbəkə istifadəçiləri bilir ki, səhifələrin aktivliyi onların bloklanma ehtimalını azaldır; biz də gözləyirik ki, ziyalılarımız mətbuat konfransı keçirsin, dəlil-sübutlarla erməni arqumentlərini darmadağın etsin…
Əvəzində millət vəkillərimizdən “məni siyasətə çəkməyin”, “vaxtım yoxdur”, “bu mövzuda danışa bilmərəm”, “sonra zəng edin” cavablarını alırıq və bu azmış kimi…
Bu azmış kimi, bir də informasiyalarımıza ermənilərin göstərdiyi münasibəti özümüzkülərdən görürük.
Siz kimin “əmisi oğlu”sunuz? Ümumiyyətlə, erməni mediasını və dünyada ermənilərin çoxluq təşkil etdiyi mediaları izləyirsinizmi? Erməni politoloqlarının, ziyalılarının, ictimai fəallarının fəaliyyətindən xəbəriniz varmı?
Yoxdursa, sadəcə, təəssüf edirəm, varsa, bu nə münasibətdir?
Paşinyan “Arqumenti i Faktı” qəzetindən “sitatı” gətirir, yalanı “Arqumenti i Faktı” təkzib edir - yalnız biz yayası oluruq.
Tiqran yalanı ilə bağlı – Kərəm Məmmədovun, Kamil Allahyarovun, Musa Qasımlının açıqlamasını biz alıb tirajlayırıq.
DQMV-nin “SSRİ-dən çıxma hüququ”na – Qorbaçovun bəlli bəyanatı ilə cavab veririk və s...
Yanlışmı?
Onda beynəlxalq hüquqa uyğun bir neçə dildə rəsmi cavab yazın, biz də tirajlayaq, hara əlimiz çatırsa, yayaq!
Səhvmi təqdim etdik? – Müraciət edin redaksiyaya, daha doğrunu təklif edin, dəstək verin və birləşək!
6 gün keçib Münhen debatından – baxın ermənilərə, görün, bununla bağlı neçə tədbir keçiriblər, nələr yayıblar, nələr açıqlayıblar...
Siz nə etmisiniz?..
Bircə tədbir keçirmisinizmi? Bircə bəyanat yaymısınızmı? Bircə hüquqi açıqlama hazırlayıb mediaya göndərmisinizmi?
Hansı biriniz BMT-nin məlum qətnamələrini bənd-bənd şərh edib?
Etiraf edək: Bu ölkədə informasiya savaşını aparan yalnız İlham Əliyevdir! Soçi, Valday, Aşqabad, Sankt-Peterburq, Münhen…
Hər yerdə İlham Əliyev, ən yüksək kürsülərdən yalnız bizim Prezidentimizin səsi gəlir...
Bütün erməni politoloqları, ziyalıları da yalnız onu hədəfə çıxarır!
Siz nə edirsiniz bəs: ən yaxşı halda “Cənab prezident əla dedi”, “Prezidentimiz darmadağın etdi”… Başqa? Hanı əlavə arqumentləriniz? Hanı Prezidentin vaxt məhdudiyyətindən demədikləri? Hanı ümumiyyətlə, Prezidentin deməməli olduğu, yalnız politoloq-deputat-ziyalı-fəalların deməli olduqları?
Bütün proseslərdə Azərbaycan mediasıdır ortada. Bu qaynar qazanın ortasında təkik, yalnızıq – olsun! Heç olmasa, üstümüzə gəlməyin, bilməyərəkdən ermənilərlə birləşməyin!
Erməni sosial şəbəkələrini izləmək kifayətdir ki, bizim bir-birimiz üçün nə qədər qiymətli olduğumuzu anlayasan!
Bu baxımdan bütün ittihamlarımı bir kənara qoyuram və bu məqamda sadəcə, dostunuz-həmkarınız kimi ərklə müraciət etmək istəyirəm: bütün ermənilərin başı sizin saçınızın bir telinə qurban olsun! Sizin ən zəifiniz mənim üçün yüz erməni akademikdən irəlidir!
Amma bizi peşman etməmək də sizin borcunuz!
Bu informasiya savaşında biz və onlar var: BİZ – bütün azərbaycanlılardır, ONLAR – bütün ermənilər.
Siz BİZim qarşımıza keçə bilməzsiniz – nə buna haqqınız var, nə buna cəmiyyətimiz imkan verər, nə də potensialınız çatar – inciməyin!
Biz enerjimizi fərqli istiqamətdə xərcləməliyik, məsələn, bu yazını yazana qədər ən azı 15 ermənini “iqnor” edə bilərdim...
Güman edirəm, bu qədər yetər!
Hamınıza sayğılarla…