Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizəd, Müsavat Partiyasının mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlının şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, G.Aslanlı həmin dairə üzrə səsvermədə pozuntular olduğu, qutulara topa bülletenlər atıldığı, bir məntəqədə isə bülletenlərin oğurlandığı, sonradan polis tərəfindən tapılıb təhvil verildiyini qeyd edib.
G.Aslanlı deyib ki, seçki qutularının bülleten atılan hissəsi çox genişdir:
“Siz bunu hardan sifariş edirsinizsə, elə etsinlər ki, bir bülleten keçsin”.
M.Pənahov deyib ki, bu qutular üçün hansısa şirkətə sifariş vermirlər:
“O qutulardan hər yerdə satılır, doludur. Biz də alırıq, şirkətdən onların qutusunu almağımız üçün bizə yalvarırlar. Bunlar xırda məsələlərdir, seçkinin daha ciddi tərəfləri var”.
Komissiya üzvlərinin səsverməsi nəticəsində həmin dairə üzrə 16 saylı məntəqənin nəticələri etibarsız hesab edildiyi üçün ləğv edilib. Həmin dairədə qutudan topa bülleten çıxıb. Qeyd edilən dairə üzrə lider keçmiş deputat Madər Musayevdir.