26 Fevral 2020 14:51
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

- Xoş gəlmisiniz. Sizi görməyə çox şadıq.

Kurt Donnelli: Biz də Sizi görməyə şadıq.

Prezident İlham Əliyev: Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında iştirakınıza görə sizə təşəkkür edirəm. Bu, həqiqətən də yaxşı ənənəyə çevrilib. Biz hər il nəticələri nəzərdən keçirir və gələcək işləri planlaşdırırıq. Biz artıq yekun mərhələyə yaxınlaşan Cənub Qaz Dəhlizi layihəsinin ildən-ilə çox mühüm icrasını müşahidə edirik. Ümidvaram ki, bu ilin sonunadək bütün işlər tam yekunlaşacaq. Bildiyiniz kimi, biz layihənin açılışını mərhələli şəkildə etmişik. 2018-ci ildə Bakıda təntənəli mərasim təşkil etdik və Cənub Qaz Dəhlizinin istismara verildiyini rəsmi olaraq elan etdik. Sonra əlbəttə ki, TANAP-la bağlı çox mühüm tədbir oldu. Ötən ilin noyabrında TANAP artıq Avropa sərhədinə çatdı. Bu, bizə “Şahdəniz” və digər qaz yataqlarından daha çox təbii qaz ixrac etməyə imkan verəcək. Çünki bizim planımız fəaliyyətimizi genişləndirmək və hələ ki, kəşfiyyat mərhələsində və ya yekun hazırlıq mərhələsində olan digər yataqlardan hasilat səviyyəsini artırmaqdır.

Beləliklə, bütün işlər qrafikə uyğun gedir. Mən bu mühüm layihənin icrasında göstərdiyi davamlı dəstəyə görə ABŞ hökumətinə minnətdarlığımı bildirmək istərdim. Bilirəm ki, Prezident Tramp şəxsən prosesdə iştirak edir. Onun fəal təmasları və iştirakı bizim əvvəllər üzləşdiyimiz müəyyən çətinliklərin öhdəsindən gəlməkdə çox yardımçı oldu. Hazırda biz heç bir başqa maneə görmürük. Qarşıdakı yol çox aydındır. Əminəm ki, səmərəli əməkdaşlığımız gələcəkdə davam edəcək, çünki ABŞ hökuməti bizim istər neft və qaz kəmərləri, istərsə də enerji potensialımızın inkişafı ilə bağlı layihələrimizi hər zaman çox dəstəkləyib. Bir daha xoş gəlmisiniz.

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnelli ilk dəfə Bakıya 2004-cü ildə gəldiyini, ötən dövr ərzində paytaxtımızda həyata keçirilən böyük inkişaf proseslərinin şahidi olduğunu vurğulayıb. Cənub Qaz Dəhlizinin əhəmiyyətinə toxunan Kurt Donnelli bu layihənin tamamlanma mərhələsinə daxil olması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Kurt Donnelli Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda keçiriləcək nazirlərin altıncı toplantısının əhəmiyyətinə toxunub və bu formatda aparılan müzakirələrin önəmini qeyd edib.

Görüşdə son dövrlərdə Azərbaycanda alternativ enerji mənbələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.

***

12:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə tərəflər arasında maraqlı fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər