Xəbər verdiyimiz kimi, bu gün VI çağırış Milli Məclisin ilk iclası keçirilib.
İclasda Milli Məclin sədri, sədr müavinləri seçilib, komitə sədrləri və müavinləri vəzifələrinə seçkilər keçirilib. Səsvermə nəticəsində Sahibə Qafarova Milli Məclisin sədri seçilib.
Teleqraf.com xəbər verir ki, Sahibə Qafarova 1955-ci ildə anadan olub.
O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.
1978-1980-ci illərdə Şəmkir şəhərində orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərib. 1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır.
2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb. 2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərir.
S.Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Ədəbiyyatda gender problemlərinin tədqiqi ilə məşğuldur.
Sahibə Qafarova bir sıra beynəlxalq təlim proqramlarının və layihələrin iştirakçısı olub.
2010-cu ildən Milli Məclisin üzvüdür.