25 Mart 2020 15:40
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində cəmiyyətimizə, ayrı-ayrı vətəndaşlara, bütünlüklə dövlət strukturlarına, ölkənin müxtəlif sosial təbəqələrinə aydın mesajlar var idi. Ümumiyyətlə, cənab Prezidentin bu müsahibəsi koronavirus üzərində Azərbaycanın qələbə ideologiyasının əsaslarını yaratmaq kimi də dəyərləndirilə bilər.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, bu müsahibədə koronavirusla uğurlu mübarizə aparmağın bütün zəruri şərtləri demək olar ki, ifadə olunub:

“Dövlətin, vətəndaşların vəzifələri, bütövlükdə cəmiyyətin vəzifələri, indiyədək görülən işlər, onların nəticləri aydın şəkildə ifadə olundu. Prezident İlham Əliyev əslində koronavirusa qarşı ən uğurlu mübarizənin Azərbaycan şəraitində özünü doğruldan və bütün dünya ölkələri üçün nümunə sayılan formullarını verdi. Bu müsahibənin hər bir Azərbaycan vətəndaşında koronavirusa qarşı mübarizədə öz gücünə inam yaratmaqda böyük rol oynayacağı şübhəsizdir. Çünki indi cəmiyyətimizdə az da olsa, insanlar məsələyə o qədər ciddi yanaşmır, yaxud onun səylərinin ümumi işə o qədər də böyük fayda verə bilməyəcəyini düşünür. Ancaq cənab Prezidentin fikirləri cəmiyyətin hər bir üzvündə onun səylərinin koronavirusla uğurlu mübarizədə önəmli olduğu barədə inam yaratmaqda çox əhəmiyyətlidir.
Çünki doğrudan da cəmiyyətin hər bir üzvünün və dövlətin səylərini bir araya gətirə bilməsək, təbii ki, uğurlu nəticələrdən söhbət gedə bilməz”.

Aydın Quliyev qeyd edib ki, dövlət başçısının çıxışında çox dəyərli və təqdirəlayiq istiqamətlərdən biri də ölkədə milli həmrəyliyə, hər kəsin məsuliyyətinə və milli-mənəvi dəyərlərimizə lazımı diqqət yetirilməsidir:

“Xüsusilə, cənab prezident milli-mənəvi dəyərlərimiz üzərində xüsusi dayanmaqla bir daha bu dəyərərin maddi və fiziki baxımdan real gücə malik olduğuna işarə etdi. Həqiqətən, bizim milli-mənəvi dəyərlərimiz bu gün cəmiyyətin potensialını ümumi təhlükəyə qarşı səfərbərliyə almaqda çox böyük rol oynayır. Xüsusilə də, bir sıra ölkələrin açıq-aşkar humanizm prinsiplərinə zidd olaraq, əhalinin müəyyən yaşlı təbəqəsinin müalicəsindən imtina etdiyi bir dövrdə Azərbaycanda cəmiyyəti tərəfindən və Prezident İlham Əliyevin çağırışı əsasında yaşlı nəslin müalicəsinə və müdafiəsinə xüsusi diqqətin ayrılması olduqca təqdirəlayiqdir. Bu, bizim dövlətimizin siyasətində milli-mənəvi dəyərlərə həqiqətən nə qədər üstünlük verildiyini bir daha sübut edir”.

Müsahibimiz bildirib ki, Prezident İlham Əliyevin çağırışlarının hər kəsin məsuliyyətinin artırılmasında, heç şübhəsiz böyük rolu olacaq:

“Çünki hər bir kəsin məsuliyyəti bu gün cəmiyyətdə ayrı-ayrı fərdlərin qüvvələrini birləşdirməkdə və hamını dövlətin siyasəti ətrafında cəmləşdirməkdə çox əhəmiyyətli rola və təsirə malikdir. Bir daha qeyd etmək istərdim ki, mən Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirləri Azərbaycan dövlətinin koronavirus üzərində qələbə ideologiyası kimi qiymətləndirərdim. Bu ideologiyanın tezislərinin ardıcıl şəkildə həyata keçirilməsinin lazımı nəticələr verəcəyinə şübhələr yoxdur”.


Müəllif: Səxavət