Koronavirus pandemiyası dünya iqtisadiyyatına öz mənfi təsirini göstərib və bu, ölkəmizdə də hiss olunur. Lakin bu gün müəyyən edilmiş bünövrələr qoyulur və Azərbaycan iqtisadiyyatının gələcək konturları cızılır. Bu da çox gözəl haldır, çünki böhran vəziyyəti müəyyən müddətdən sonra iqtisadiyyatda canlanma və böyümə ilə əvəz olunacaq.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, böhrandan sonra yeni texologiyalar və iqtisadi münasibətlər yaranacaq, iqtisadiyyat yeni mexanizmlərlə inkişaf edəcək:
“Tarixən 300 ildən çoxdur dünyada bazar iqtisadiyyatı hökmranlıq edir, bütün iqtisadi böhranların sonunda ayrı-ayrı ölkələrin iqtisadiyyatında sıçrayış olur. Bu da bazar iqtisadiyyatının prinsiplərinə uyğun tendensiyadır”.
Deputat qeyd edib ki, iqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramlarında Azərbaycan iqtisadiyyatının yeni cizgilərini görmək mümkündür.
Rüfət Quliyev vurğulayıb ki, dövlətin atdığı operativ və çevik tədbirlər nəticəsində koronavirus pandemiyası Azərbaycana güclü təsir edə bilməyib:
“Bütün dünya təşviş içərisindədir. Vətəndaşlarımıza müraciət edərdim ki, ajiotaja, panikaya ehtiyac yoxdur, qeyri-reallığa söykənən məlumatlara inanmasınlar, sadəcə karantin rejiminin qaydalarına birmənalı şəkildə əməl etsinlər”.
O hesab edir ki, dövlət dəstəyinin göstərilməsi üçün hazırlanan proqramlarla Azərbaycan iqtisadiyyatının bütün arxitekturası dəyişəcək:
“İqtisadiyyatımız xarici amillərə qarşı çox dayanıqlı və daha az həssas olacaq. Əsas prioritet kölgə biznesindən yayınmaqla, kiçik və orta sahibkarlığa dəstəklə milli iqtisadiyyatın inkişafı, möhkəmlənməsi və genişləndirilməsi olacaq. Onların maliyyə instrumentlərinin inkişafı, biznesə yardım kimi komponentlər proqramlarda öz əksini tapıb. Yeri gəlmişkən, hazırda kompensasiya məsələsi müzakirə olunduqca əmək müqavilələri barədə ciddi sual ortaya çıxır. Son illərdə dövlət boş yerə işəgötürən və işləyən arasında əmək müqaviləsi imzalanması məsələsinə diqqət ayırmır”.
Rüfət Quliyev müqavilə ilə işləyənlərin vəziyyətinin müqaviləsiz işləyənlərdən daha yaxşı olacağını qeyd edib:
“Hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli bir iqtisadiyyatın formalaşmasına çalışır. Bu, dövlətin qanunlarına riayət edən, “kölgə”də deyil, “ağ” iqtisadiyyatda fəaliyyət göstərən, vergilərini ödəyən, işçilərinin sosial müdafiəsini təmin edən, işçiləri əmək müqaviləsi ilə işə cəlb edən sahibkarlıq subyektlərindən ibarət bir iqtisadiyyat olmalıdır”.
Millət vəkili Azərbaycanın yalnız bu gün və sabahı düşünmədiyini, koronavirus pandemiyası ilə əlaqədar böhrandan sonrakı dövrdəki inkişaf barədə addımlar atdığını diqqətə çatdırıb:
“Bu böhran da bitəcək, sivilizasiya yenidən inkişafa başlayacaq. Postsovet məkanında Azərbaycandan başqa iqtisadiyyatının gələcək strukturu və iqtisadi artımın təmin olunması üçün planları cızan, cizgi və yollar göstərən ikinci bir ölkə yoxdur”.