8 Aprel 2020 13:46
3 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pandemiya dünyanın digər ölkələri kimi, Rusiyanın da başını özünə qatıb. İndi pandemiya Rusiyanı daha çox maraqlandırır, nəinki bu. Rusiya gözləmə mövqeyindədir, heç bir yerə tələsmir. Qarabağda indiyədək dəfələrlə belə “seçkilər” olub, hər dəfə də öz müşahidəçilərini göndərib. İndi isə Rusiyanın başı başqa işlərə qarışıb”.

Politoloq Əvəz Həsənov belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində separatçıların keçirdiyi qondarma seçkilər haqda fikriniz nədir, proses ətrafında Baş nazir Paşinyan və Ermənistanın keçmiş hakimiyyəti arasında gedən mübarizə hansı həddə gərginlik yarada bilər?

- Hesab edirəm ki, bununla bağlı Qarabağda ciddi bir gərginlik olmayacaq. Artıq namizədlərdən biri Masis Mayilyan ermənilərə müraciət etdi ki, ikinci turda seçkilərə getməsinlər. Yəni elə də ciddi gərginliyin olacağı gözlənilən deyil. Çünki həm Paşinyanı, həm də keçmiş prezident Sərkisyanı qane edə biləcək şəxs separatçıların başına keçə bilər. Əlbəttə Masis Mayilyan ABŞ və ya qərbyönümlü bir siyasətçidir, Rusiyaya elə bir ciddi dayaqları yoxdur. Mayilyanın rəqibi Araik Arutyunyanın müəyyən işləri var, özü də nəzarət altına alına biləcək adamdır, nəinki Masis Mayilyan. Başqa sözlə, ciddi dəyişikliyin olacağı gözlənilmir. Digər yandan, ciddi bir namizəd tapmadıqları üçün indiki (Ararik Arutyunyan) ilə barışacaqlar.

- Ermənistanda bir sıra ekspertlərin dilindən o fikirlər də səsləndirilir ki, seçkilər ətrafında yaranan gərgin situasiyadan istifadə edən keçmiş “siyasi elita” Qarabağda təxribata əl atıb münaqişəni alovlandıra bilər.

- Bu, odla oynamaq kimi bir şey olardı. “Keçmiş siyasi elita” hansı ciddi maliyyə və siyasi dayaqlara malikdir ki, münaqişəni alovlandırsın? Münaqişəni alovlandırmaq onlara sərf etmir. Sadəcə bu fikirlər onlara qarşı ortaya atılan əks-arqumentlərdir. Orada kimliyindən asılı olmayaraq, heç bir siyasətçi istər Rusiyanın, istərsə də ABŞ-ın dəstəyi ilə mövcud status-kvonu dəyişəcək addımları atmaq istəməz. Onlara bu lazım deyil. Bu münaqişəni alovlandırıb nə qazanacaqlar?

- Rusiya baş verənlərə niyə susqunluq nümayiş etdirir? Bir sıra ölkələr qondarma seçkilərlə bağlı öz etirazçı mövqelərini bildirsələr də, Rusiyadan hələ də səs çıxmır.

- Pandemiya dünyanın digər ölkələri kimi, Rusiyanın da başını özünə qatıb. İndi pandemiya Rusiyanı daha çox maraqlandırır, nəinki bu. Rusiya gözləmə mövqeyindədir, heç yerə tələsmir. Qarabağda indiyədək dəfələrlə belə “seçkilər” olub, hər dəfə də öz müşahidəçilərini göndərib. İndi isə Rusiyanın başı başqa işlərə qarışıb.

Məsələn, bu günlərdə ABŞ-dan Qarabağ ermənilərinə maliyyə yardımı, o cümlədən bu məsələ ilə bağlı bəzi layihələrin dəstəklənməsi dayandırıldı. Yəni onlar tərəfləri daxili reallıqlarla üzləşməyə cəlb edirlər. Onlar tərəflərin daxili güclərini görməyə çalışırlar. Kənardan dəstək olmasa, bu münaqişə nə qədər uzanacaq? Məncə, tərəflərə bunu göstərmək istəyirlər.

- ABŞ-dan Qarabağ separatçılarına maliyyə yardımının dayandırılmasına toxundunuz, məsələni bir qədər ətraflı izah edərdiniz.

- Bu qərar o deməkdir ki, Birləşmiş Ştatlar bu bölgəyə maraqlarını azaldır. Əgər Dağlıq Qarabağ münaqişəsi prioritet deyilsə, ABŞ burada minimal həmsədrlik missiyasını saxlaya bilər. Bununla da stabilliyin pozulmamasına çalışacaq. Əlbəttə, bu addım ermənilərin lehinə deyil, onlara zərəri dəyəcək. Çünki Amerikadan həm maliyyə dəstəyi alırdılar, həm də beynəlxalq səviyyədə özlərini göstərə bilirdilər.

Əlbəttə, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə marağını azaltması, Azərbaycanın da xeyrinə deyil. Azərbaycan bu məsələnin həmişə beynəlxaqlq ictimaiyyətin gündəmində olmasını istəyir, buna çalışır.

- Bəs bu haqda nə düşünürsünüz, niyə Dağlıq Qarabağ münaqişəsi ABŞ-ın maraq dairəsində qala bilmir? Məsələn, Gürcüstan və Ukraynada olduğu kimi...

- Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərdə ortaya çıxıb. Həmin illərdə ABŞ SSRİ-nin tamamilə dağılmasında maraqlıydı. Dağlıq Qarabağ da bu məsələdə çox kiçik bir detal idi. Ukrayna isə ABŞ-ın əsas rəqibi olan Rusiya ilə sərhədlərdə yerləşir və birbaşa bu rəqibi ilə üz-üzə gəlir. Bu baxımdan, Dağlıq Qarabağla Ukraynadakı münaqişələr arasında kəskin fərqlər var. Dağlıq Qarabağ indi işğal edilsəydi, ABŞ tamam başqa cür davranardı. 1990-cı illərdə Amerikanın bu bölgədə heç bir marağı yox idi. Sadəcə bu məsələyə qlobal və regional bir siyasət çərçivəsindən baxırdı, amma institutsional marağı yox idi. Buna görə də indiki zamanla o dövrü müqayisə etmək çətindir. Həm də köhnə bir yaraya hər dəfə bir yanaşma ilə yaxınlaşmaq mümkün deyil. Artıq o yara köhnəlib, bu ağrının acısı onu daşıyanların bellərindədir. Əlbəttə, bu məsələ yeni olsaydı, onun üzərində işləyərdilər.

- Ermənistanda isə münaqişə ilə bağlı ilginc fərziyyələr irəli sürülür. Xüsusən də Türkiyənin bu prosesdə oynaya biləcəyi rolla bağlı. Təxminən son bir ayda erməni mediası o ehtimalı müzakirə edir ki, Rusiya ilə gizli danışıqlara başlayan Türkiyə vəziyyəti Azərbaycanın xeyrinə dəyişməkdə israr edir. Yəni Ankara həll prosesini bu yönə dəyişə biləcək təsirli bir oyunçu ola bilərmi?

- Sizə deyim ki, Türkiyə heç vaxt Azərbaycanın yerinə döyüşməyəcək. Yəni torpaqların işğaldan azad edilməsi ilə bağlı bizim düşündüyümüz qədər Ermənistana təsir göstərməyəcək. Əlbəttə, ciddi qarşıdurma olarsa, hərbi əməliyyatlar başlayarsa, Türkiyə yenə yanımızda olacaq və yanımızdadır. Amma bu münaqişənin yenidən alovlanması, Türkiyənin özünə də sərf etmir. Türkiyə öz daxilində erməni xalqı ilə münasibətlərindəki problemləri həll olunmuş hesab edir. Ancaq beynəlxalq aləmdə ona hələ o təpkilər var. Türkiyə çalışır ki, getdikcə Ermənistanla münasibətlərini daha yumşaq etsin.

Hesab edirəm ki, bizim əvəzimizə və ya bizim əsgərlərlə Dağlıq Qarabağda əməliyyatlara başlamaq, torpaqları işğaldan azad etmək, bununla Ermənistan sərhədlərinə qədər getmək Türkiyənin indiki siyasəti ilə uzlaşmr. Türkiyə bunu Ərdoğanın dönəmində etmədisə, bundan sonra hakimiyyətə gələcək liberallarla bunu heç vaxt etməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər