12 Aprel 2020 09:20
2 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, koronavirus mərhələsi özündən sonra dünyaya böyük dəyişikliklər gətirəcək. Ən pisi budur ki, bu dəyişikliklər müsbət yox, mənfi istiqamətdə olacaq. İndi milyardlarla insana evdə otub. Bayıra çıxmamaq tövsiyə olunur. Əksəriyyət buna əməl edir. İndiyə qədər dünya belə bir hadisənin şahidi olmayıb. II Dünya müharibəsindən sonra ilk dəfə hava və yer nəqliyyatı dayanır.

Bu fikirləri Teleqraf.com-a sabiq Təhsil naziri, professor Firudin Cəlilov koronavirus pandemiyasından sonra dünyada nələrin olacağı haqda fikirlərini açıqlayarkən deyib.

Alimin fikrincə, koronavirus dünyada bir sıra reallıqları üzə çıxarıb. Onun sözlərinə görə, BMT öndə gəlir: "BMT əslində bu təhlükəyə qarşı dünyanı fəallaşdırmalı, ondan qorunmaq məsələsində ön cəbhədə mövqe tutmalı idi. Amma bunun şahidi olmadıq. Bu göstərdi ki, BMT sadəcə, sabun köpüyüdür və müasir çağırışlara, tələblərə cavab vermir, proseslərin önündə deyil, arxasınca sürünür”.

Firudin Cəlilovun fikrincə, Covid-19 Avropa Birliyinin də ciddi təhlükə qarşısında vahid mövqedən çıxış edə bilmədiyini çılpaqlığı ilə ortaya qoyub:

“Avropa Birliyində əslində birliyin olmadığı ortaya çıxdı. Digər tərəfdən, məlum oldu ki, Rusiya və Amerika kimi dünyaya meydan oxuyan ölkələr belə adi virusun qarşısında acizdir. İndi ABŞ özü koronavirusun mərkəzi halına gəlir. Bu cür təsnifatlaşdırmanı uzatmaq olar.

Bütün bunlar əslində insanların məsələlərə baxış bucağını dəyişdirir. Odur ki, pandemiyadan sonra dəyişmələr mütləq olacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər