15 Aprel 2020 14:43
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya Covid-19 kimi bir pandemiya ilə üz-üzə qalıb. Bütün dünyada, o cümlədən, Azərbaycanda bu pandemiyaya qarşı mübarizə aparılır. Bu günkü prosesin şərtlərini koronavirus diktə edir. Bu, elan olunmamış müharibədir. Hesab edirəm ki, Azərbaycanda bu təhlükəli pandemiyaya qarşı seçilmiş mübarizə üsulu təqdirəlayiqdir. Türk Şurasının onlayn keçirilən növbədənkənar iclasında da görülən tədbirlər təqdir olundu”.

2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər haqda Teleqraf.com-a danışan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev belə deyib.

Baş redaktor bir neçə ölkənin koronavirusla mübarizədə Azərbaycan nümunəsini model olaraq tətbiq etdiyini bildirib:

“Bu mübarizə çərçivəsində sosial izolyasiya tədbirləri davam etdirilir. Digər istiqamətlər üzrə də ciddi tədbirlər görülür, eyni zamanda, dövlət evdə qalan əhalinin qeydinə qalır. Bu yöndə müxtəlif dövlət proqramları həyata keçirilir. Günəmuzd işləyən vətəndaşlara sosial yardımlar olunur, tələbələrin təhsil haqlarının vaxtında ödənilməsi üçün qərar qəbul olunur, ayrı-ayrı sahibkarlıq subyektlərinə güzəştli kreditlər ayrılır. Bu sahələrdə eyni anda bir neçə dövlət proqramı həyata keçirilir. Bu gün bütün dövətlərin əsas diqqəti koronavirusla mübarizədən ən az itkilərlə çıxmağa yönəlibsə, Azərbaycan yanaşı olaraq post-pandemiya dönəmini də nəzərə alır.

Məlumdur ki, post-pandemiya dönəmi dünya üçün yeniliklər ortaya qoyacaq. Həmin dönəmdə də əhaliyə güzəştlərin edilməsi labüddür, bu yöndə addımların atılması zəruridir. Hesab edirəm ki, bu baxımdan, Azərbaycanda post-pandemiya dönəmi indidən düşünülüb, bu istiqamətdə işlər görülür.

Əlbəttə, hələ post-pandemiya dönəmindən danışmaq tezdir, amma Azərbaycanın gördüyü kompleks tədbirlər həmin dönəmi də nəzərə alır. Hesab edirəm ki, gedən proseslər dövlət başçısının nəzarətindədir. Koronavirusla mübarizəyə 2.5 milyard manat vəsaitin ayrılması bunun bariz nümunəsidir”.

Bəhruz Quliyev qeyd edib ki, Nazirlər Kabinetinin iclasında da bu məsələlər gündəmdə oldu:

“Cənab prezident Nazirlər Kabinetinin iclasında da bildirdi ki, vətəndaşlar dövlətin sərvəti kimi qorunmalıdır. Hər bir ailə dövlət üçün önəmlidir, bu ailələrin rikahının yüksəldilməsi üçün sosial siyasət həyata keçirilir. Ötən illərdə dünya maliyyə böhranından əziyyət çəkdiyi vaxtlarda blə Azərbaycanda həyata keçirilən sosial layihələr dayandırılmadı. Bu gün də həmin sosial siyasətin mərkəzində vətəndaş amili dayanır. Dövlətin ən böyük sərvəti vətəndaşdır və bu gün vətəndaşları pandemiyadan xilas etmək dövlətin prioritet istiqamətlərindən biridir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər