Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin ABŞ-ın nüfuzlu Ceymstaun Fondunun (Jamestown Foundation) saytında “COVİD-19 Orta Dəhlizin əhəmiyyətini artırır” başlıqlı məqaləsi nəşr olunub.
Məqalədə qeyd olunur ki, regionda COVİD-19 virusunun yayılması, mərkəzində Azərbaycanın olduğu və Asiyanı Avropaya bağlayan ən qısa nəqliyyat koridoru olan Orta Dəhlizin əhəmiyyətinin artmasına səbəb olub. İranda koronavirusun yayılması qonşu ölkələrin İranla sərhədləri bağlaması ilə nəticələnib. “İran vasitəsi ilə Mərkəzi Asiyaya yük daşıyan maşınlar sərhədlərdə qaldı. Bu isə yük maşınlarının sonradan Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya istiqamətlənməsinə səbəb olub. Bu məsələ Prezident İlham Əliyevin rəhbərliyi ilə 10 aprel tarixində Türk Şurası çərçivəsində keçirilən videokonfransda da müzakirə edilib”,- deyə müəllif yazır.
Bildirilir ki, bu hadisə Bakı-Tiflis-Qars dəmiryolunun strateji əhəmiyyətini artırıb və iqtisadi rentabelliyi üçün əlavə imkanlar yaradıb. Bu baxımdan son zamanlar Azərbaycanla Türkiyə arasında əsas müzakirə mövzularından biri BTQ-nin yükdaşıma imkanlarının artırılmasıdır.
Müəllif yazır ki, Orta Dəhliz çərçivəsində həyata keçirdilən Beynəlxalq Trans-Xəzər Nəqliyyat Dəhlizi və Lapis-Lazuli layihələri də bu dəhlizin həmiyyətinin artmasına xidmət edir. “Azərbaycan adıçəkilən hər iki layihənin mərkəzində yer alır. Orta Dəhliz layihələri Azərbaycanın qapalı quru dövlətindən körpü rolu oynayan dövlətə çevrilməsinə xidmət edir”,- deyə məqalədə vurğulanır.