“Əslində kim qanunu pozursa, əvvəl-axır cəzasını almalıdır. Cənab prezident 2018-ci ildən etibarən xəbərdarlıqlarını səsləndiririb. Bütüm çıxışlarında, tədbirlərdə korrupsiya və rüşvətxorluğa qarşı müharibə elan edib. Prezident açıq elan edirdi ki, biz, bu bəlanın kökünü kəsməliyik və bununla mübarizə aparırıq. Hər kəs bundan nəticə çıxarmalı, ibrət götürməlidir”.
Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov Teleqraf.com-a son günlər korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə haqqında danışarkən deyib.
Millət vəkili əlavə edib ki, ilk həbs edilən icra başçısını görən digər vəzifə sahibləri buna baxıb nəticə çıxarmalı olduqları halda bunu belə etməyiblər:
“Yəni bu istiqamətdə birinci həbsdən sonra vəzifə sahibləri düşünməli idi. Söhbət yalnız icra başçılarından getmir. Söhbət irili-xırdalı vəzifə daşıyan şəxslərdən, səlahiyyət sahiblərindən gedir. Cənab prezident bu günlərdə baş prokuroru təyin edərkən, bu fikirlərini ifadə etdi, xırdalıqlara toxundu. Hətta məkrəblər, xəstəxanalar, sahiyyə sahəsində olan neqativ incəliklərə toxundu. Bir sözlə, vəzifəli insanlar bundan nəticə çıxarmalı, məsuliyyətini dərk etməlidir. Çünki vəzifəyə tamah gözü, gəlir mənbəyi kimi baxmaq olmaz. Belə düşüncəni davam etdirən insanlar əvvəl-axır cəzalarına çatacaqlar və çatmalıdır da. Əgər ölkədə uzun müddətdir bəyan olunursa ki, biz bu işlərlə barışmayacağıq, buna qarşı mübarizə aparacağıq və bu, dövlətin birinci şəxsinin dilindən səslənirsə, bundan hər kəs nəticə çıxarmalıdır”.