İndi ölkə islahatlar strategiyasını həyata keçirir. Əslində, bu islahatlar Azərbaycanın iderəetmə sisteminin demək olar ki, bütün sahələrini əhatə edir, sistemli xarakter daşıyır. Azərbaycan parlamentinin özündə islahatlar aparılır, eləcə də ölkənin hüquq və məhkəmə sistemində islahatlar başlayıb. Bu islahatları həyata keçirmək üçün fərqli və müasir təfəkkürə malik şəxslərin icra sistemində olması vacibdir. Hesab edirəm ki, bu istiqamətdə hazırda Prezident ciddi addımlar atır.
Bu fikirləri Teleqraf.com-a deputat Asim Mollazadə deyib.
O, əlavə edib ki, saxlanılan icra başçıları köhnə təfəkkürə sahib insanlardır: “Onlar ancaq vəzifə sayəsində zənginləşmək barədə düşünürlər. Amma bunun da qarşısı alınmağa başlayıb. Fikrimcə, hələ çox şey etmək lazımdır ki, Azərbaycan məhz müasir idarəetmə sisteminə malik olsun”.
Deputat əlavə edib ki, köhnə təfəkkürdən xilas olmalıyıq: “Müasir Azərbaycanın dünya təcrübəsinə, təhsilli, peşəkar və məsuliyyətli məmurlara ehtiyacı daha çoxdur. Bu proses başlanıb. Düşünürəm ki, yeni nəsil yetişməli, çox iş görülməlidir ki, yüksək səviyyəli, təhsilli idarəetmə mədəniyyətinə çata bilək. Biz bu işləri aparmalı və bolşevik təfəkküründən qurtulmalıyıq”.