20 May 2020 14:00
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyada baş verən sosial-iqtisadi kataklizmlər kontekstində dövlətlərin sosial siyasəti və sosial təşəbbüsləri bir növ sınaq mərhələsindən keçir. Ayrı-ayrıı ölkələrin fərqli təcrübəsi yaranır. Ancaq bunların heç də hamısı uğurlu təcrübə hesab edilmir. Bu baxımdan Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasət ən nümunəvi təcrübə və təşəbbüslərdən biri hesab edilə bilər.

Bunu Teleqraf.com saytına açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, bu siyasətin başlıca istiqamətini isə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşının rifahı dayanır” prinsipi təşkil edir:

“Ona görə də Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində mütəmadi olaraq işlər görülür. Nəticədə bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sistemi formalaşdırıb. İcra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) yaradılması mühüm əhəmiyyət kəsb edir. Elə yeni açılan 3 saylı DOST mərkəzi də paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərməklə vətəndaş məmnunluğunu artıracaq, sosial siyasətin həyata keçirilməsini asanlaşdıracaq innovativ mexanizm rolunu oynayacaq. Mərkəzdə əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək. Burada 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək”.

Hikmət Babaoğlunun sözlərinə görə, göründüyü kimi, bu mərkəzlərin sosial xidmət funksiyaları ilə yanaşı, digər əhəmiyyətli istiqamətləri də var ki, bunlar da özlüyündə həmin mərkəzlərin iş yeri rolunu oyanmaları, könüllülük prinsipi əsasında kadr hazırlığı funksiyasını da yerinə yetirə bilməsidir:

“Bu kadrların əksəriyyətini isə gənclər təşkil edir. Çünki gənclər yeni texnologiyaların idarə olunması peşəkarlığına sahib olmaqla yanaşı, həm də yeni idarəetmə təfəkkürünün daşıyıcılarıdır. Bu faktorlar ölkəmizdə həyata keçirilən islahatlar kontekstində yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev məhz bu məsələlərə diqqət çəkərək bildirdi ki, bu gün bizim gənclərimiz bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından ən yüksək meyarlara cavab verirlər. Eyni zamanda, gənclər xoşagəlməz hallara qarşı mübarizədə də bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər sonra dayanıqlı inkişafını təmin edəcək”.

Milli Məclisin deputatı daha sonra deyib:

“Göründüyü kimi, yeni DOST mərkəzinin açılması təkcə sosial xidmətlər həyata keçirən qurumun açılışı deyil, eyni zamanda ölkəmizdə həyata keçirilən islahatlar kontekstində gənc peşəkarların idarəetməyə cəlb edilməsidir. Nəzərə almaq lazımdır ki, bundan sonra da istər Bakıda, istərsə də regionlarımızda yeni belə xidmət mərkəzlərinin açılması nəzərdə tutulur ki, bu da miqyası daha da genişləndirəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər