25 May 2020 15:07
2 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi təcrübəni öyrənməli, ondan dərs götüməliyik. Tarixi faktdır ki, Rusiya Cənubi Qafqaza gələndə erməniləri özlərinə dayaq kimi seçib. Təsadüfi deyil ki, ruslar işğal olunan İrəvan xanlığının ərazisində əvvəlcə erməni vilayəti yaradıb, daha sonra İrəvana və Qarbağa Türkiyədən, İrandan ermənilər köçürülməsi siyasətini aparıb. Məqsəd, regionda balansı dəyişdirmək, özləri üçün yaratdığı dayağın gücünü artırmaq olub. Bu siyasət 100 illər boyu davam edib. Nəticədə hər dəfə yaşadığımız regionda və dünyada geopolitik dəyişikliklər olanda erməni və onların arxasında duranlar çalışıblar ki, fəaliyyətlərini daha da genişləndirsinlər”.

Bu fikirləri Teleqraf.com-a politoloq Eldar Namazov deyib.

O, əlavə edib ki, Çar Rusiyası bu regiona gələndə Azərbaycan iki hissəyə parçalanıb:

“Eyni zamanda, Çar Rusiyası dağılanda və bu regiondan çəkiləndə bizim torpaqlarımızda Ermənistan Respublikası yaradılıb. SSRİ bu regionda gələndə bəzi torpaqlarımız Ermənistanın nəzarətinə keçib, SSRİ dağılıb regiondan çıxanda isə Qarabağ işğal olundu. Bu, rusların regiona gəlişi və gedişi sırasında baş verən tarixi hadisələrdir. Bu mənada biz, tarixdən dərs götürməliyik. Xüsusilə, geopolitik proseslərdən ciddi nəticələr çıxarmalıyıq. İndi artıq dünyada düzənin dəyişmək ərəfəsində olduğunu da nəzərə almalıyıq. II Dünya Müharibəsindən sonra qurulan beynəlxalq münasibətlər sistemi dağılmaq ərəfəsindədir. Artıq BMT öz funksiyasını yerinə yetirə bilmir, əvəzində ortaya G7 kimi formatlar çıxır. Hazırda yeni dünya düzəninin formalaşması uğrunda şiddətli mübarizə başlayıb. Keçmişi nəzərə alaraq dərk etməliyik ki, belə prosesə hazırlıqsız gedəndə uduzuruq. Odur ki, öz planlarımızı hazırlamaq üçün bütün gücümüzü səfərbər etməliyik”.

Müsahibimiz qeyd edib ki, indi artıq Rusiyada türk dövlətlərinə münasibətdə iki xətt var:

“Birincisi, Avrasiya ideologiyasının daşıyıcılarıdır və onlar son vaxtlar çox gücləniblər. Bu xəttin strategiyası türk-slavyan birliyi yaratmaqdır. Avrasiyanın gələcəyi bu birlikdən asılıdır. Rusiya ilə Türkiyə arasında son dövrlər yaxınlaşma, çoxsaylı saziş və müqavilələrin imzalanmasına da bu konteksdən baxmaq mümkündür. Düzdür, Suriya, Liviya kimi bölgələrdə bu iki ölkə arasında rəqabət də var. Bu rəqabət ona görə var ki, Rusiyada köhnə xəttin davamçıları da var. Bu, ikinci xəttdr. Onlar isə Avrasiyanın gələcəyini rus, fars və erməni birliyində görürlər. Belə yanaşmada türk dünyası artıq onlara təhlükəli düşmən kimi görünür. Rusiyada hələlik rus, fars və erməni birliyi ideyasının tərəfdarları daha çoxdur. Çünki bu xətt uzun illərdir qurulub və hakim ideologiya olub. Amma Rusiyanın gələcəyinin türk dövlətləri ilə əməkdaşlıqdan asılı olduğunu bilən, türk-slavyan əməkdaşlığının vacibliyini düşünən xətt yeni meydana çıxsa da, ildən-ilə güclənir. Rusiyanın kifayət qədər tanınan ictimai-siyasi xadimləri, o cümlədən, Kremlə təsir edə bilən alim və ideoloqlar bu mövqedən çıxış edirlər”.


Müəllif: Cavad

Oxşar xəbərlər