26 May 2020 16:42
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tarixində Cümhuriyyətin tutduğu yeri və oynadığı rolu bilmək üçün dövlətin elanına və həyata keçirdiyi tədbirlərə nəzər yetirmək lazımdır. Mayın 27-də Azərbaycan fraksiyası ayrıca iclasına toplaşaraq müstəqilliyi elan etmək qərarına gəldi. Bu zaman Osmanlı ilə Zaqafqaziya arasında Batumda keçirilən danışıqlarında iştirak edən M. Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçildi. Fraksiya özünü Azərbaycan Milli Şurası elan etdi. Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi. Milli Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında altı bənddən ibarət Azərbaycanın İstiqlal bəyannaməsi qəbul edildi. Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seçdiyi Milli Şura-Parlament dururdu. Azərbaycan parlamentli respublika idi.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlı Xalq Cümhuriyyətinin yaranmasının Azərbaycan tarixində rolu və əhəmiyyəti haqqında danışarkən deyib.

Alim əlavə edib ki, cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı XX əsrdə ilk dəfə olaraq Dövlət Millətinə çevrildi:

“Əgər Azərbaycan Rusiya tərəfindən xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə qatılmışdısa, onun tərkibindən vahid, müstəqil dövlət kimi çıxdı. Cümhuriyyətin ərazisi Cənub-Şərqi Zaqafqaziyanı əhatə edirdi və 113,9 min kv. km idi. Bunun 97,3 min kv. km mübahisəsiz, 16,6 min kv. km mübahisəli idi. Bu zaman Cənubi Qafqazda 8 mln. 81 min 668 nəfər əhali yaşayırdı. Onun 4 mln. 617 min 671 nəfəri Azərbaycanda idi. Azərbaycan əhalisinin 75,4 faizini və ya 3 mln. 481 min 889 nəfərini azərbaycanlılar təşkil edirdi. Digərləri müxtəlif dövrlərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana yerləşdirilənlər idi. Cümhuriyyətin elanından sonra milli hökumət yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdi. Gəncədə öz fəaliyyətini dayandırmış Milli Şura noyabr ayında Bakıda fəaliyyətə başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi. Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi. 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində Azərbaycan parlamenti açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi”. Deputat xatırladıb ki, parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi: “Ümumiyyətlə, parlamentin 155 iclası keçirilib. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarıldı. Onlardan 230-u qəbul edildi. Azərbaycan parlamenti milli tolerantlıq baxımından hətta Qərb ölkələri üçün bir model idi. Azərbaycan Cümhuriyyəti qadınlara səsvermə hüququnu Qərb ölkələrindən əvvəl verdi. Himn və bayraq qəbul edildi. Xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və Gömrük xidməti quruldu. Ordu yaradıldı. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başladı. İşləməyə xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi.100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi”.

Musa Qasımlı qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin əsas məqsədi yeni yaradılan dövləti tanıtmaq idi:

“Buna görə də yeni yaranan hökumət yarandığı vaxtdan etibarən fəal xarici siyasət yürütməyə başladı. İlk növbədə Avropanın bir sıra ölkəsinə yeni bir dövlətin yaradılması barədə məlumat göndərildi. Almaniya və müttəfiqləri müharibədə məğlub olduqdan sonra Bakıya ingilis generalı U.Tomson başda olmaqla noyabrın 17-də müttəfiq qoşunları gəldi. Erməni, rus milli şuralarının antiazərbaycan fəaliyyətinə baxmayaraq, Tomson Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və onun Baş nazirinə böyük hörmət bəsləyir və yeni koalisiyalı hökumət yaradılana qədər onun hökuməti ölkədə yeganə qanuni hökumət olaraq qalır. Azərbaycan hökumətinin ilk addımlarından biri dekabrın 28-də qalib ölkələrin dövlət və hökumət başçılarının Paris sülh konfransına göndəriləcək sülh nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək oldu. 1920-ci il yanvarında Azərbaycanın dövlət müstəqilliyi böyük dövlətlər tərəfindən tanındı. Bu, tarixi hadisə olub, Azərbaycan xalqının iradəsinə hörmət əlaməti idi. Azərbaycana yardım göstərilməsi barədə qərarlar qəbul edildi. Azərbaycan dövləti beynəlxalq münasibətlər sisteminə daxil olmaq üçün ilk addımlar atdı. Xarici siyasətin mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə münasibətlər idi. Azərbaycanlıların tarixi torpaqlarında yaratdıqları Ararat Respublikasının paytaxtı olmadığından Azərbaycan milli sülhün yaradılması, digər ərazilərə əsassız iddialar irəli sürməyəcəyi düşüncəsi ilə İrəvanı paytaxt olaraq güzəştə getdi. Lakin bununla kifayətlənməyən erməni dairələri azərbaycanlılara qarşı soyqırımları davam etdirdilər və əsassız ərazi iddialarını genişləndirdilər”.


Müəllif: Cavad