“Normal həyat şərtlərindən aşağı səviyyədə yaşayan məcburi köçkünlər I vitse-prezident, ölkənin birinci xanımı Mehriban Əliyevanın müəllifi olduğu təşəbbüslər nəticəsində sosial və məişət qayğılarından azad olunur”.
Mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı haqda Teleqraf.com-a danışan “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov belə deyib.
Baş redaktor ölkənin birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun sosial və mədəni sahələrdə həyata keçirdiyi layihələr təqdir etdiyini bildirib:
“Heydər Əliyev Fondu və ölkənin birinci xanımı Mehriban Əliyeva həmişə tariximizin mədəni irsinin qorunmasını, dünyaya tanıdılmasını, o cümlədən, qaçqın və məcburi köçkünlərin problemlərinin həllini diqqətdə saxlayıb. Bu yöndə illərdir ardıcıl və silsilə addımlar atılır, işlər görülür. Heydər Əliyev Fondu və I vitse-prezidentin sosial sahədə həyata keçirdiyi və şəxsən özünün müəllifi olduğu təşəbbüslər təqdir ediləndir. Bu təşəbbüslər bizim folklorumuzdan və musiqimizdən tutmuş, məcburi köçkünlərin mənzil təminatı və ya sosial şəraitinin yaxşılaşdırılmasına qədər bir çox sahələri əhatə edir. Bizim milli bayramlarımız var ki, bunlar məhz Mehriban xanımın təşəbbüsü ilə YUNESKO-da xüsusi statuslar alıb. Bu təşəbbüslərin nəticəsində muğam sənəti qorunub-saxlanılıb.
Xatırlayırıq ki, bizdə muğam sənəti tənəzzülə uğrayırdı. Bu tənəzzülün qarşısı Mehriban xanımın təşəbbüsü ilə alındı. Onun dəstəyi nəticəsində Azərbaycanda yenidən muğam sənətinə möhtəşəm qayıdış oldu. Muğam sənəti inkişaf etdi, istər yaradıcılıq, istərsə də həyat şəraitlərinin yaxşılaşdırılması baxımından xanəndələrin fəaliyyətlərinə diqqət artırıldı. Bunun nəticəsidir ki, bu gün muğam təkcə Azərbaycanda yox, bütün dünyada məşhurdur. Muğam sənətinin Azərbaycan musiqisi kimi qəbul olunması, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mümkün oldu”.
Rəfail Becanov qeyd edib ki, I vitse-prezident Mehriban Əliyevanın məcburi köçkün və qaçqınlarla bağlı gördüyü işlər də müsbət nəticələrini verir:
“Biz bilirik ki, torpaqlarımız işğaldan azad edildikdən sonra məcburi köçkünlərimiz hansı şəraitdə yaşayırdılar. Uzun müddət qatar vaqonlarında, gecəqondularda, torpaq daxmalarda, çadırlarda yaşadılar. Bu insanların həyat şəraitləri həddən artıq dözülməz idi, buna yaşayış da demək olmazdı. Mehriban xanımın təşəbbüsü ilə onlar üçün yeni qəsəbələrin salınması, müasir yaşayış standartlarına cavab verən yaşayış yerlərinin inşası təqdirəlayiq haldır.
Hesab edirəm ki, bunlar vətəndaşa olan dəyər və yanaşmadır. Bu proses hazırda da davam edir.
Mayın 28-də cənab prezidentin iştirakı ilə “Qobu Park-3” yaşayış massivi istifadəyə verildi. Yəni, bu yöndə nəzərdə tutulan proqramların hələ davamlı olduğunun şahidi oluruq. Sonuncu köçkün yüksək standartlara cavab verən yaşayışla təmin olunanda bu proqramlar bitəcək.
İnsanların Mehriban xanımın bu təşəbbüslərinə dəstəkləri var. Onun bu sahədə apardığı işləri, həyata keçirdiyi təşəbbüslərini dəstəkləyirlər. Bu müsbət qiymətləndirilməli və dəyərləndirilməlidir”.