Anam Zöhrə xanımın vəfatı səbəbilə müxtəlif formalarda öz başsağlığını və dəstəyini bildirən hər kəsə ailəmiz adından təşəkkür edirəm. Xəstəliyi dövründə ailəmizə öz köməyini əsirgəməyən bütün dostlara və sağlığına qovuşması üçün dəstək verən səhiyyə işçilərinə də təşəkkür edirəm. Təəssüf ki, bu cəhdlər anamın xilasına yetmədi, ancaq bu istiqamətdə bizə önəmli dəstək verənlərə minnətdarlıq etməyi özümə borc bilirəm.
Teleqraf.com xəbər verir ki, bunu QAFSAM sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy deyib.
O qeyd edib ki, həm karantin rejiminin şərtlərinə uyğun olaraq, həm də öz dəstəyini ifadə edən bütün insanların səhhətində yarana biləcək təhlükələr səbəbilə ənənəvi yas mərasimi təşkil edə bilmirlər:
“Hələlik sosial məsafəyə uyğun olan başsağlıqlarını qəbul edirik. Bu müddət ərzində dəfn prosesi və ya dəstək çoxluğu səbəbindən cavab verə bilmədiyimiz dostlardan da üzr istəyirəm. Bu vəziyyəti anlayışla qarşılamalarını xahiş edirəm. Karantin rejiminin şərtlərindəki yumuşalma və əhaliyə risk yaratmayacaq sanitar-epidemioloji vəziyyətin yaranması halında yas mərasimi keçirməyi nəzərdə tuturuq. Bu barədə lazımi açıqlamanı mümkün olan ən uyğun zamanda verəcəm. Başsağlığı və dəstək üçün bir daha minnətdaram”.
Nazim Cəfərsoy daha sonra deyib:
“Bir daha deyim ki, koronavirus çox təhlükəli və lazımi qaydalara uyğun davranılmaması halında insanların səhhətində ölümlə nəticələnəcək fəsadlar doğuracaq bir xəstəlikdir. Bunu şəxsən faciəvi şəkildə yaşamış biri olaraq deyirəm. Heç bir ciddi səhhət problemi olmadığını düşündüyümüz, ancaq virusun orqanizmində yaratdığı böyük fəsadlar sonrası anamın itkisi və qardaşımın yoluxması bunun ən aydın nümunəsidir. Bu arada qardaşımın (jurnalist Anar Cəfərsoyu nəzərdə tutur) səhhətinin yaxşılığa doğru getdiyini və müalicəsinin davam etdiyini də maraqlananlara bildirirəm. Xahiş edirəm koronavirus təhlükəsi barədə hamımız özümüz və əzizlərimiz üçün maksimum diqqət göstərək və şüurlu davranaq. Son dövrlərdə ölkədə yoluxmanın artması bu barədə hamımıza həyəcan siqnalı olmalıdır.
Anamın vəfatı ilə bağlı müsahibə təkliflərinə isə birmənalı “yox” deyirəm. Bu mövzu mənim üçün çox ağır və həssas məsələdir. Xahiş edirəm bu barədə mənə müraciət etməyin. Koronavirusla bağlı maarifləndirmə prosesində iştirakım isə sosial şəbəkə profilimdə zaman-zaman yazdığım statuslarla məhdud qalacaq. Dəyərli jurnalistlərə bu barədə anlayışları üçün əvvəlcədən təşəkkür edirəm”.
Qeyd edək ki, Nazim və Anar Cəfərsoy qardaşlarının anası Zöhrə Cəfərova mayın 28-də, saat 21 radələrində Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Onun 70 yaşı var idi. Bir müddət süni tənəffüs aparatına qoşulan Zöhrə Cəfərovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhumə Ağdam rayonunda dəfn edilib.
Onu da bildirək ki, Zöhrə Cəfərova Bakı Tikiş Evində çalışan zaman koronavirusa yoluxub.