Liviyada Türkiyə-Rusiya qarşıdurmasını Amerika-Rusiya mübarizəsi kimi təqdim etmək yanlışdır. Türkiyə artıq müstəqil və öz maraqlarına hədəflənən siyasət yürütdüyünü dəfələrlə sübut edib. Türkiyənin Liviyada, Afrika qitəsində öz dövlət maraqları var. Və burada heç də Türkiyə-Amerika maraqları həmişə üst-üstə düşmür.
Bu fikirləri Teleqraf.com-a millət vəkili, politoloq Razi Nurullayev Liviyada müşahidə edilən geosiyasi və hərbi vəziyyəti şərh edərkən deyib.
Onun fikrincə, əslində Rusiya dünya miqyasında gücünü nümayiş etdirmək istəyir:
“Yəni çalışır ki, dünyaya özünün hərbi-siyasi potensialını nümayiş etdirsin. Amma onların imkanları çox zəifdir, Rusiya neft və qazdan çox asılı olan dövlətdir. Üstəlik infrastrukturu çox zəifdir. Həmçinin, Türkiyə ordusunun Suriyadakı inamlı addımlarını müşahidə etdik. Eyni zamanda, Liviyada Türkiyə tərəfindən dəstəklənən legitim hökumətə bağlı qüvvələr qarşı tərəfin üzərində qələbələr əldə edir. Bu, bir daha göstərir ki, Türkiyə öz dövlət maraqlarını sona qədər müdafiə edəcək. Artıq Liviyada məhz Türkiyə tərəfindən dəstəklənən qüvvələr bir ay əvvəl mövcud olan vəziyyəti dəyişməyi bacarıb”.
Müsahibimiz sonda qeyd edib ki, Liviya məsələsində Ankara və Moskva danışıqlar aparıb ortaq məxrəcə gələ bilər.