Ölkəmizin güclənən iqtisadi-siyasi qüdrəti onun beynəlxalq nüfuzuna da öz təsirini göstərir. Təsadüfi deyil ki, bu gün bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dsətəkləyir. Bu baxımdan işğalçı Ermənistan tərəfindən qondarma Dağlıq Qarabağda təşkil edilmiş saxta seçki şousunu da heç bir dövlət, heç bir beynəlxalq təşkilat tanımadı.
Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov belə deyib.
Bildirib ki, qondarma Dağlıq Qarabağda keçirilmiş olan saxta seçkilər və bu seçkilərin bütün dünya dövlətləri, eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən tanınmaması məhz onların Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə olan qiyməti kimi xarakterizə oluna bilər.
Millət vəkili vurğulayıb ki, Azərbaycan artıq nüfuzlu bir dövlətdir və onun ərazi bütövlüyü ilə bağlı verilən istənilən qərar ancaq ölkəmizin qanunvericiliyi ilə tənzimlənməlidir.
“Bu baxımdan ATƏT-in Minsk Qrupunun həmsədləri olan dövlətlər, ABŞ, Fransa və Rusiya açıq şəkildə bəyan etdi ki, onlar bu qondarma seçkiləri tanımır. Avropa İttifaqi, Avropa Parlamenti, həmçinin, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfüzlu təşkilatların heç biri bu qondarma Dağlıq Qarabağda təşkil olunmuş seçkiləri tanımadı. Əksinə bu saxta seçkilərin keçirilməsini görə Ermənistanı qınamış oldular”.
Millət vəkili onu da əlavə edib ki, bu məsələdə də AŞPA kimi bir təşkilat növbəti dəfə ikili standartlardan çıxış etmiş oldu. Çünki bütün dünyanın gözü önündə baş verən saxta seçki şousuna AŞPA tərəfindən heç bir münasibət bildirilmədi.
Bu da onu deməyə əsas verir ki, AŞPA ancaq ölkəmizdə fəaliyyət göstərən ünsürlərin yanlış donosları ilə qərarlar çıxarır.
“Bu gün AŞPA Qərb ölkələrində insanlara qarşı polis zorakılığı, jurnalistlərin döyülməsi və həbs edilməsinə susqunluqla yanaşır. Sanki bu cür hallar insan haqlarının, söz azadlığının pozulması demək deyil. Sadəcə onlar Azərbaycan kimi ölkələrin yüksəlişini qəbul edə bilmirlər. Bu baxımdan erməni lobissinin birbaşa dəstəyi ilə AŞPA Azərbaycana qarşı hər zaman qərəzli mövqedən çıxış edib”.
Millət vəkili vurğulayıb ki, bəzi xarici qüvvələr məhz ölkəmizdə fəaliyyət göstərən anti-milli ünsürlərə hər zaman dəstək olur. Çünki bu gün ölkədə olan bəzi radikallar məhz erməni lobbisinin diqtəsi ilə fəaliyyət göstərirlər. Onların vermiş olduqları yalan məlumatlar əsasında ölkəmizə qarşı təbliğat kampaniyası yürüdürlər. Amma bütün bunlara baxmayaraq Azərbaycanın nüfüzlu beynəlxalq təşkilatlarla ən yüksək səviyyədə münasibətləri, əlaqələri mövcuddur.