Azərbaycan polisi bizim həyatımızı qoruyur. Biz də öz polisimizin şərəfi, ləyaqəti, məsuliyyəti ilə doğrultduğu adını qoruyaq.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.
Onun sözlərinə görə, artıq neçə aylardır koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkəmizdə karantin rejimi elan olunub: "Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra bir sıra vətəndaşlarımızın Nazirlər Kabineti yanında Operativ Qərərgahın tövsiyələrinə laqeyd yanaşması, karantin qaydalarına riayət etməməsi yoluxmaların sayında artımın baş verməsinə səbəb oldu. Buna görə də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da son iki gündə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq Bakıda, Sumqayıtda, Gəncədə, Abşeron və Lənkəranda insanların küçəyə çıxmasına tamamilə qadağa qoyuldu.
Belə həssas günlərdə həkimlərlə yanaşı, Daxili İşlər Nazirliyi orqanları bütövlükdə koronovirus pandemiyası dövründə vətəndaşlarımızın təhlükəsizliyi və asayişin qorunması üçün şərəflə öz vəzifə borclarını yerinə yetiriblər.
Lakin çox təəssüflər olsun ki, son zamanlar sosial şəbəkələrdə radikal müxalifət nümayəndələri, ayrı-ayrı şəxslər Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələrə əsaslanan məlumatlar yayırlar. Onlar vətəndaşlarla polis arasında münasibətlərə xələl gətirmək üçün bilərəkdən təxribatlar törədirlər.
Amma həmin qüvvələr onu anlamalıdırlar ki, polis orqanları öz xidməti borcunu yerinə yetirir, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyur, insanların qanuna uyğun davranışını təmin edir”.
Millət vəkili bildirib ki, bu gün Azərbaycan polisi milli dövlətçiliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət, demokratik cəmiyyət quruculuğunda, ölkəmizdə sabitliyin, əmin-amanlığın təmin olunmasında müstəsna rol oynayaraq özü də bu prosesin içində böyük inkişaf yolu keçib.
Deputat vurğulayıb ki, Azərbaycan polisi hazırda bizim həyatımızı qoruyur: "Biz də öz polisimizin adını qoruyaq. Polis olmaq həm böyük şərəf, həm də məsuliyyətlidir. O, dövlətin, dövlətçiliyin və vətəndaşların keşiyindədir. Ona görə də, biz vətəndaş olaraq polisin şərəfli adını və qürurlu fəaliyyətini yüksək qiymətləndirməli, adına ləkə gətirilməsinə imkan verməməliyik”.