Jurnalist Elçin Alıoğlu son zamanlar Ermənistan-Azərbaycan münaqişəsi ətrafında və İrəvanda gedən proseslərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ermənistanda üç güc nazirinin bir gündə istefa verməsini necə izah etmək olar? Söhbət ölkənin polis rəisi Armen Sərkisyan, baş qərargah rəisi Artak Davtyan və milli təhlükəsizlik xidmətinin rəhbəri Eduard Martirosyandan gedir...
- Bizim mediada bu şəxslərin vəzifələrindən kənarlaşdırılması “istefa” kimi təqdim olunur, onlar istefa verməyiblər. Ermənistan Baş naziri Nikol Paşinyan onları tutduğu postlardan uzaqlaşdırıb. Rəsmi olaraq səbəblər barədə heç nə bildirilmir, amma Paşinyana yaxın olan media qurumlarında israrla xalqın şüuruna təlqin edilən fikrə görə, guya koronavirus səbəbindən ölkədə yaranan faciəli vəziyyət buna səbəb olub. Ermənistanda koronavirusla bağlı vəziyyət həqiqətən də faciəlidir. Rəsmi rəqəmləri kənara qoysaq, Ermənistan əhalisinin sayı 2.2 milyondan artıq deyil. 2.2 milyon əhalisi olan ölkədə gün ərzində 450-460 yoluxma faktı üzə çıxırsa və belə faktların sayı artırsa, üstəgəl, Paşinyanın özü də Feysbukda yazırsa ki, “cəhənnəmin astanasındayıq”, demək bununla bağlı koronavirus ehtimallarını ciddi saymaq olar. Amma bu belə deyil.
“İstefalardan” iki gün əvvəl Paşinyan İrəvanda Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanla onun evində görüşdü. Petrosyan koronavirusa yoluxub, amma real riskə rəğmən Nikol Paşinyan onunla görüşdü. Bu görüşdən sonra da həmin “istefalar” oldu. Həmin görüşdən əvvəl Ermənistanın digər sabiq prezidenti Serj Sərkisyan da Levon Ter-Petrosyanla görüşmüşdü. Məsələnin məğzi budur ki, Paşinyanın qrupunda ciddi parçalanma var. Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkisindən sonra Ermənistandakı iki siyasi düşərgə rəqibə çevrildi. Bunlardan biri özlərini “liberal və islahatçılar” adlandıran və Paşinyanın tərəfində olan siyasi qüvvələrdir, digərləri isə Serj Sərkisyanın tərəfdarları, yəni əslən Dağlıq Qarabağdan olan qruplaşmadır. “Qarabağ klanı” artıq Nikol Paşinyana müharibə elan edib. Çünki Paşinyan faktiki olaraq, Qarabağdakı qondarma rejim daxilində çevriliş etdi və öz “marionetkasını” gətirib “prezident” qoydu. Bununla da Sərkisyan və tərəfdarlarına bildirdi ki, artıq hakimiyyətdən çəkilmisənsə, böyük siyasətdən də getməlisən.
Başqa sözlə, son “istefalar” Paşinyanın öz komandasında təmizlik aparmaq istəyi ilə bağlıdır. Paşinyanın kənarlaşdırmalarla bağlı prezidentə təqdim etdiyi sənədin qısa müddətdə imzalanması da bundan xəbər verir. Martirosyan ötən ilin sentyabrından Ermənistan təhlükəsizlik xidmətinin rəhbəri funksiyasını yerinə yetirirdi. O, bu postda Artur Vanetsyanı əvəz etmişdi. Maraqlıdır ki, Prezident Armen Sərkisyan bu vəzifənin səlahiyyətlərini icra edən adamın təyinatını bu ilin martında imzalamışdı. Yəni bu paradoksu az qala bir il gözlətmişdi. Onun bu postdan uzaqlaşdırılmasının və yerinə başqasının gətirilməsinin arxasında duran məqamlardan biri də, Paşinyanın hakimiyyətə gəldiyi ilk vaxtlarda çox həvəslə və diletandcasına apardığı beynəlxalq danışıqlarının dinlənilməsinin yayılmasından istifadə etməsi idi. Ümumiyyətlə, Paşinyan publikaya oynamağı çox sevir. Paşinyan siyasətdə piyada olsa da, hiyləgər jurnalistdir. O, jurnalistika ilə siyasəti həmişə qarışdırıb. Feysbukda davamlı şəkildə canlı yayımlar etmək, özünü cəmiyyətə “mən publik şəxsəm, sizdən gizli sirrim yoxdur” kimi sırf demaqoji, kütləyə hesablanmış təqdimatı Ermənistan siyasətinin “qoca qurd”larının xoşuna gəlmirdi.
Onu da unutmayaq ki, Ermənistanda hakimiyyətdə olan şəxslər dara düşən kimi Levon Ter-Petrosyanın yanına qaçırlar, ondan məsləhət istəyirlər. Petrosyanın da məsləhəti bu olub ki, Paşinyan öz ətrafında təmizləmə işləri aparmalıdır. Başqa sözlə, bunlar nə istefadır, nə də islahatdır, sadəcə Paşinyan vəziyyətinin çox pis olduğunu gözəl anlayır. Paşinyan anlayır ki, Dağlıq Qarabağ ritorikası artıq daxili siyasətdə kütləyə hesablanmış effektli təbliğat-təşviqat aləti kimi öz təsir gücünü çoxdan itirib. Buna görə də, o, koronavirusdan istifadə edərək hakimiyyəti üçün təhlükəli hesab etdiyi şəxsləri vəzifələrdən uzaqlaşdırır.
- Moskvaya yaxınlığı ilə seçilən təhlükəsizlik xidmətinin keçmiş rəisi Artur Vanetsyan öz partiyasını quraraq siyasətə atıldı. O, nə qədər ciddi fiqurdur?
- Vanetsyan ciddi fiqur deyil, siyasətdən çox uzaq bir adamdır. Özünü ağıllı və uzaqgörən analitik kimi göstərməyə çalışsa da, o, Ermənistanda ancaq cəzalandırma funksiyalarını yerinə yetirib. Ermənistanda partiya qurmaq, siyasətçi olmaq demək deyil. Əksinə, Ermənistanda siyasi partiya rəhbəri olmayan şəxslər əksər hallarda daxili siyasətə ciddi təsirlər göstərirlər. Məsələn, iki il əvvəl Ermənistan siyasətində ciddi dəyişikliklərə səbəb olmuş “Sasna Çrer” qruplaşması. Bu, partiya deyil. Bundan başqa, Ermənistanda bir çox bloqqerlər var ki, onlar bir çox partiya liderlərindən daha geniş təsir rıçaqlarına malikdirlər.
Rusiyanın Ermənistanda təsirlərinə gəldikdə, bu, birmənalı şəkildə artacaq. Çünki Rusiyanın xarici işlər naziri çox ciddi səhvlərə yol vermişdi və səhvlərə yol verməkdə davam edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanla dostluq və qardaşlıq siyasətini ortaya qoyaraq, toxunmamaq siyasətini üstün tutmuşdu. Amma son hadisələr göstərir ki, Ermənistan heç vaxt Rusiyanın müttəfiqi olmayıb və olmaq niyyətində deyil. Ermənistan sadəcə olaraq, həmişə Rusiyadan donor kimi istifadə edib. Özünü forpost elan edərək, guya Rusiyanın maraqlarını qoruyan ölkə olub. Amma Ermənistan həmişə öz maraqları ön planda tutub. Ermənilər sadəcə Rusiyanı istismar ediblər. Lavrov da bu zərərli siyasətin heç bir effekt vermədiyini çox gec olsa da anlayıb, Ermənistana sanksiyaların tətbiq edilməsi və ya sərt siyasətə əl atmaq məsələsinə üstünlük verir. Çünki Rusiya ard-arda Ermənistandakı təsir rıçaqlarını itirir.
İqtisadiyyatda yenidən özəlləşdirmə siyasəti həyata keçirilir. Paşinyanın dəstəsi Rusiyanın nəzarətində olan və faktiki olaraq, Ermənistan iqtisadiyyatının bel sütunu rolunu oynayan sahələri Moskvanın nəzarətindən çıxarmaqla məşğuldur. Moskva da bunu görür. Burada söhbət daxili əldəyişmədən getmir, Ermənistan Rusiyanın orbitindən çıxmağa çalışır. Amma bunu ehtiyatla edir. Çünki Ermənistan rəhbərliyi gözəl anlayır ki, açıq formada Rusiyanın maraqlarına qarşı çıxmaq, Paşinyanın hakimiyyətdən getməsini an məsələsinə çevirə bilər. Ermənistan rəhbərliyi onu da anlayır ki, həm Rusiya, həm də “Qarabağ kartı”ndan istifadə etməklə, hakimiyyətin laxlayan əsaslarını bir qədər də olsa möhkəmlədə bilər.
- Bəs Ermənistanın Rusiyanın orbitindən çıxması, Qarabağ məsələsi baxımından Azərbaycanın lehinə ola bilərmi?
- Heç bir halda! Ermənistanın Rusiyanın orbitində olması və ya təsir dairəsindən çıxması heç bir halda Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə təkan verə bilməz. Ermənistan işğalçı və aqressor dövlətdir. Ermənistan diplomatik lüğəti anlamır və anlamaq niyyətində də deyil. Ən pisi isə bunu qəbul etmir. Ermənistan özünü qalib ölkə sayır, bütün terrorçuların davranışı belədir. Bütün terrorçular terror aktını həyata keçirdikdən sonra özlərini qalib sayırlar. Buna görə də, terrorçuların lüğətini qəbul etmək və şərtlərini müzakirə etmək birmənalı olaraq yolverilməzdir.
Qarabağdakı terrorçu rejimin özü də bu bölgədə yaşayan erməniləri qorxu altında saxlayır. Lakin beynəlxalq hüquq bütünlüklə Azərbaycanın tərəfindədir. Onlar istədikləri qədər “seçki” adlanan şou keçirə bilərlər, istədikləri qədər “hərbi təlim” adlı sovet dövründən qalma köhnə “drınqletləri” ora-bura sürə bilərlər, istədikləri qədər Şuşanı “paytaxt” elan edə bilərlər, Paşinyan da siyasi təlxəkliyin bariz nümunəsi kimi istədiyi qədər gedib orada şəkil çəkdirə bilər. Bunlar Azərbaycanı qıcıqlandırmağa hesablanmış çox primitiv gedişlər idi.
Əlbəttə, məsələnin hərbi yolla həli istisna deyil, bunu edə bilərik, bəlkə də etməliyik. Lakin hərbi variant sadalanan və nəzərdən keçirilən variantlar arasında, ən radikal yoldur. Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll edilməlidir. Ermənistan rəhbərliyi də gözəl bilir ki, hazırda işğal altında saxladığı ərazilərin hamısını qaytaracaq. Ermənistan Ağdam, Zəngilan, Qubadlı, Füzuli və digər rayonlarda geniş miqyaslı infrastruktur və inşaat işləri aparmır. Əslində heç vaxt aparılmayıb. Çünki bu ərazilərin qaytarılacağını bilir. Son zamanlarda Paşinyanın ritorikasında Dağlıq Qarabağ ətrafındakı bu ərazilərin bufer zona kimi gündəmə gətirilməsi məsələsi yer alır. Bu da onun Levon Ter-Petrosyandan məsləhətlər aldığını göstərir. Çünki “bufer zona” ifadəsinin müəllifi Petrosyandır.
Digər yandan, Paşinyan özünün həvəskar formada yürütdüyü siyasətinin heç bir nəticə vermədiyini anlamağa başlayıb. Mən bununla düşməni çox zəif, Azərbaycanı çox güclü göstərmək niyyətində deyiləm. Düşmən çox hiyləgər və məkrlidir. Bununla belə, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Hüquq kimin tərəfindədirsə, o tərəf udur. Güc heç vaxt qalib sayılmır. Güclə hansısa ərazini almaq, ilhaq etmək və ya nəzarətdə saxlamaq mümkündür. Buna görə də, Ermənistanın mövqeləri əvvəlkindən də zəifdir, Petrosyanın məsləhətlərinə ehtiyacları var və bu oyunlarını davam etdirəcəklər. Ən nəhayət, Paşinyanın növbəti təlxəkliyini gözləyirəm. İndi bilmirəm: körpüdə rəqs edəcək, yoxsa Şuşanın qala divarları üstündə çıxıb o yan-bu yana gedəcək.
- Deyirsiniz ki, Paşinyanın bu gedişləri daxili publikaya hesablanıb. Bəs onun özünün fikri nə ola bilər?
- Paşinyanın heç bir məsələ ilə bağlı öz mövqeyi yoxdur. Bu adamın adi bir geyim mədəniyyəti də yoxdur. Şuşada olarkən adi bir köynək geyinmişdi, yaxasını da axıra kimi bağlamışdı. Amma etiket budur ki, köynəyin düymələri axıradək bağlanmır. Bunu erməni jurnalistlər ona irad tutanda bildirdi ki, “Mənə xanımım belə məsləhət görüb”. Yəni, evdə xanımının məsləhəti ilə televizorun kanalını dəyişən bir adam, özünü necə müstəqil şəxs kimi göstərə bilər? Mən görmüşəm, Feysbukda canlı yayım vaxtı xanımı onun üstünə çəmkirir ki, “Bir az tez ol, gedəsi yerimiz var”.
Bizim bəzi radikal sosial şəbəkə istifadəçiləri və “köpüklü vətənpərvərlərimiz” onu “böyük bir düha”, “böyük strateq” kimi qələmə verirlər. Bu adam uzun müddət “Joxovurd” və “Haykakan Jamanak” qəzetləri ilə əməkdaşlıq edib. Bəli, çox aqressiv və radikal jurnalistdir. Amma o, siyasətçi deyil. Paşinyan nəinki Dağlıq Qarabağ, heç adi bir məsələ haqda öz fikri yoxdur.
Ötən ilin dekabrında Paşinyan bildirdi ki, Dağlıq Qarabağ heç vaxt Ermənistan ərazisi olmayıb. Üstündən iyirmi gün keçəndən sonra həmin Paşinyan bildirdi ki, Dağlıq Qarabağ federativ əsaslarla Ermənistana birləşə bilər. İki ay on iki gündən sonra Nikol Paşinyan bildirdi ki, Dağlıq Qarabağ əzəli Ermənistan ərazisidir. Dörd aydan sonra isə dedi ki, qarabağlı ermənilər səsvermə keçirərək, Ermənistana birləşə bilərlər. Yəni, bu ziddiyyətli və marazmatik bəyanatlarının arxasında duran əsas arqument, Paşinyanın nəyin bahasına olur-olsun özünü ağıllı göstərmək cəhdidir. Çörçill bunu siyasətçinin öz kölgəsinin üstündən tullanmaq cəhd kimi qiymətləndirirdi. Bəllidir ki, indiyədək kimsə öz kölgəsinin üstündən tullana bilməyib. Paşinyan buna can atır.
Paşinyan bu dəqiqə iki od arasındadır: bir tərfdə Rusiya, bir tərəfdə Qərb var. ABŞ-la bu dəqiqə düşmən vəziyyətindədir. İran kimi digər ölkələr də var, habelə xarici ölkələrdəki erməni diasporu. Paşinyan bu tərəflərin arasında var-gəl edərək vahid mövqe ərsəyə gətirməyə çalışır. Bu da qeyri-mümkündür. Çünki erməni diasporu Dağlıq Qarabağın qeyd-şərtsiz Ermənistanın tərkibində olmasını istəyir. Rusiya isə heç vaxt imkan verməz ki, Dağlıq Qarabağ Ermənistanın tərkibində tanınsın, bu mümkün deyil. İran da heç vaxt imkan verməz ki, İranın Dağlıq Qarabağ münaqişəsində olmayan rolu azalsın. İran elə bilir ki. Onun danışıqlar prosesində rolu var. ABŞ da heç vaxt imkan verməyəcək ki, Rusiya və İran Ermənistana təsir rıçaqlarını artırsın. Belədirsə, Paşinyanın hansı mövqeyindən danışa bilərik?
- Bu, nə qədər vaxt aparacaq? Ermənistan qaytarmaq istəmir, müharibəyə də imkan vermirlər...
- “Mən imkan vermirlər” ifadəsi ilə razı deyiləm. Azərbaycan xalqı və Ali Baş Komandan qərar verir ki, hərbi əməliyyatlar başlamalıdır, ya yox. İkincisi, biz Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamayacağıq. Bu, tipik anti-terror əməliyyatıdır. Necə ki Türkiyə öz ərazilərində - Diyabərkirdə, Vanda, Elazığda, Batmanda, Bitlisdə PKK terror təşkilatına qarşı anti-terror əməliyyatları keçirir, necə ki Rusiya öz ərazilərində - Çeçenistanda, İnquşetiyada, necə ki İspaniya öz ərazilərində bask terrorçularına qarşı anti-terror əməliyyatları keçirir, biz də öz ərazilərimizdə, öz vətəndaşlarımız arasında olan, dövlət qanunlarını tanımayan, terrorizm və separatizmlə məşğul olan şəxslərə qarşı əməliyyat keçirəcəyik. Məsələ bu qədər bəsitdir.
Digər yandan, Azərbaycan vətəndaşı olaraq, Azərbaycanın mərkəzi hakimiyyətinə qarşı çıxan və separatizmə meyllənən Azərbaycan vətəndaşlarına xaricdən, yəni Ermənistandan qanunsuz hərbi yardımlar edilir. Ermənistan aşkar şəkildə bildirir ki, onun Dağlıq Qarabağda hərbi qüvvəsi var. Guya Paşinyanın oğlu da Qarabağda “xidmət” etdi. Ermənistan rəhbərliyi bununla açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağda bizim qoşunlarımız var. Yəni, Azərbaycan bu əməliyyatlara başlasa, heç bir dövlət, heç bir beynəlxalq təşkilat Azərbaycana “dur” deyə bilməz. Beynəlxalq hüququn öz prinsipləri var.
Məsələnin hərbi həlli isə Ermənistanın sonu deməkdir. Rusiya ona nə qədər yardım edir-etsin, istəyir yadplanetlilər ermənilərə yardım etsin, heç nə dəyişməyəcək. Ermənistan öz təkəbbürünün acısını aprel döyüşlərində, Naxçıvan istiqamətindəki döyüşlərdə gördü. Ermənistan unutmasın ki, Naxçıvandakı mövqelərimizdə olan orta və qısa mənzilli raketləri kənara qoyuram, buradakı reaktiv-yaylım atəşi qrupları bilavasitə İrəvanı vura bilər. Yəni, Ermənistanın hansısa debil bir generalı çıxıb desə ki, biz Azərbaycanı raketlə vura bilərik, unutmasınlar ki, adi reaktiv-yaylım atəşi qrupları İrəvanı istənilən an vura bilər. Amma biz bunu etmirik, çünki Ermənistandan fərqli olaraq, dövlət terroru siyasəti yürütmürük. Biz terrorizmi və faşizmi dövlət ideologiyasına çevirməmişik, biz bütün milləti özümüzə düşmən saymırıq. Dağlıq Qarabağda olan ermənilər Azərbaycan vətəndaşlarıdır, qanunu kobud şəkildə pozublar – terrorizmlə, ağır cinayətlərlə, kütləvi qətllərlə məşğul olublar. Buna görə də, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi qarşısında cavab verməlidirlər. Azərbaycanın mərkəzi hakimiyyəti ilə Azərbaycan vətəndaşı arasındakı münasibətlərə müdaxilə edən kənar dövlət Ermənistandır və buna hüquqi müstəvidə cavab verəcək.