11 İyun 2020 19:00
1 260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni politoloq Yervand Bozoyan son günlərdə Ermənistanın ictimai-siyasi həyatında baş verən proseslər haqda danışıb.

Teleqraf.com onun Ermənistanın “Verelq” nəşrinə müsahibəsini təqdim edir.

- Son zamanlar Ermənistanda yüksək vəzifəli şəxslərin istefaların səbəbləri nələrdir?

- Paşinyan tərəfindən təhlükəsizlik qüvvələrinə inamsızlıq var idi. Yadınızdadırsa, Artur Vanetsyanın istefasından sonra Paşinyan daim ona qarşı hibrid müharibəsinin aparıldığını söylədi. Hətta “Haykakan Jamanak” qəzeti də bundan sonra ona qarşı hibrid müharibəsi üçün konkret bir planın olduğunu yazdı. Bu, Paşinyanın rəqiblərinə və əleyhdarlarına qarşı bu cür qərarlara ehtiyac duyduğunu göstərir, lakin təhlükəsizlik qüvvələri belə hallara öyrəşməyib. Əlbəttə, əvvəlki hakimiyyətlərin dövründə güc strukturları ölkə rəhbərliyinə tabe idi, lakin dövlət rəhbərləri hər kəsin rol oynadığı daha sistemli bir rejim qurmağa çalışdılar, hökumətdəki şəxslərin heç biri qeyri-adi addımlara əl atmadı. Paşinyanın vəziyyəti isə fərqlidir. Sistemli düşüncəsi olmadığından ona elə gəlir ki, əvvəllər güc strukturları ölkə rəhbərlərinə tabe idilər, indi isə daha passiv mövqe tutmağa çalışırlar. O, güc strukturları ilə bağlı əsəbi şübhələrini inkişaf etdirir. Bu, güc strukturlarına daimi inamsızlığın səbəbidir.

Bu son istefalara gəldikdə, düşünürəm ki, bunlar iki səbəblə əlaqədardır: koronavirus böhranı səbəbindən Paşinyanın reytinqinin kəskin aşağı düşməsi və rəqiblərinin şansının artması. Artur Vanetsyan və Gagik Çarukyanın son açıqlamaları Paşinyanı çox düşündürür, buna görə artıq qətiyyətli davranmalı idi, çünki güc strukturlarına inamı yoxdur.

- Baş nazir Nikol Paşinyan rəqiblərini təhdid edərək sərt cavab verəcəyini vəd etdi. İndiki şəraitdə hökumətin rəqiblərinə, xüsusən Vanetsyan, Çarukyan və başqalarına qarşı repressiv tədbirlər görməsi nə dərəcədə realdır?

- Düşünürəm ki, Paşinyanın müvafiq strukturları bu istiqamətdə işləməsini təmin etmək çox çətin olacaq. Hər hansı bir məkan-zaman ölçüsündə hər hansı bir quruluş müəyyən sərhədlər daxilində müəyyən addımlar ata bilər. Amma bu strukturlar “qırmızı xətlərə” malikdir.

- Biz müxalifət sahəsində fəallaşmanın başladığını görürük və birləşməyə çağırışlar var. Bu nəyə səbəb ola bilər?

- Müxalifətin fəallaşması məqsədyönlü proqramlarla yox, Paşinyanın davranışları və qərarları nəticəsində oldu. Paşinyan heç bir siyasi qüvvə və ya struktura öz hakimiyyət ilə münasibət qurmağa imkan vermir. İndi pandemiyadan istifadə edən hər kəs hakimiyyətə can atır, amma bu anda heç kimin hakimiyyətə gəlmək üçün konkret, əsaslı bir proqramı yoxdur. Böyük mitinqlərin humanitar fəlakətlərə səbəb olacağı riskləri var. Bəli, ABŞ təcrübəsi gözümüzün qabağındadır, ciddi bir irqçilik problemi partlayış yaratdı. Əlbəttə, Ermənistanda belə bir partlayışın olmayacağını demək olmaz. amma bunu fors-major hallarda təsəvvür etmək olar. Təsəvvür edə bilmirəm ki, bu fors-major hal olmadan insanları necə səfərbər edə bilərsiniz. Ən əsası, baş nazir postunu kimin tutacağı məsələsi ətrafında siyasi qüvvələrin ortaq bir anlaşmasının olub-olmadığı da bəlli deyil.

Digər tərəfdən, Paşinyanın özü davranışları ilə müxalifətə “kömək edə” bilər. Güc tətbiq olunarsa, bu, vəziyyəti çətinləşdirəcək. Hər iki tərəfdə bir-birinə qarşı qorxu var və səhv addım atan tərəf təxribata əl atacaq, ilk itirən də o olacaq.

- “Çiçəklənən Ermənistan”ın lideri Gagik Çarukyanın radikal açıqlamalarla hökumətin istefasını tələb etməsinin səbəbi nədir?

- Koronavirus böhranı nəticəsində Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşdüyü üçün parlamentdənkənar qüvvələrin fəallaşması təbii görünür. Çarukyan və Marukyan da daxil olmaqla, bir çoxları parlamentdəki qüvvələrindən istifadə edə bilərlər. Çarukyan fəallaşan qüvvələri öz planlarına necə daxil edə biləcəyini görə bilir. Yəni, müxalifətdə təbii bir rəqabət yaranıb. Çoxlarına elə gəlir ki, güc artıq küçədədir və onun dəstəyini almaq kifayətdir. Bu rəqabət hər kəsdə hakimiyyət dəyişikliyi prosesinə gecikdiyi təəssüratı yaradır. Mənə elə gəlir ki, buna görə hamı Paşinyanın istefasını tələb edir.

Ancaq burada Paşinyan üçün daha təhlükəli bir amil var - əgər belə bir atmosfer yaranırsa və tamam təbii şəkildə baş verirsə, bu, Paşinyan komandasının içərisində güclü psixoloji çat yarada bilər. Bu baxımdan çox şey Paşinyandan asılıdır - daha yumşaq formuladan istifadə edərək geri çəkilməyə, hansısa razılığa gəlməyə çalışsa, bunun qarşısını ala bilər. Ancaq daha sərt addımlar atsa və indi görürəm ki, onun belə bir əhval-ruhiyyəsi var, bu proseslər hətta koronavirus şəraitində də idarə olunmayacaq partlayış yaradacaq. Bu partlayışın nəticəsi isə onun üçün yaxşı olmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər