Avropa Parlamentinin Ermənistan ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi beynəlxalq hüququn pozulmasına dair bəyənatı Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən qanunsuz işğalını bir daha təsdiq etdi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Avropa Parlamenti ilə Əməkdaşlıq Komitəsinin üzvü, millət vəkili Kamal Cəfərov deyib.
Onun sözlərinə görə, bəyanatda bu magistral yolun inşası ilə bağlı qərar Azərbaycanın müvafiq orqanları ilə razılaşdırılmadan verildiyi üçün beynəlxalq hüquqa ziddir.
Millət vəkili vurğulayıb ki, bu addım Ermənistanın işğalçı siyasətini əhatə edir: "Eyni zamanda Avropa Parlamenti təəssüf hissi ilə qeyd edir ki, Ermənistan bu cür fəaliyyəti ilə sülh və barışıq üçün tələb olunan mühiti pozur. Yekun olaraq bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış edilir. Bu bəyanatın Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand tərəfindən imzalanması çox vacibdir. Bu, onu göstərir ki, Dağlıq Qarabağla bağlı Avropa Parlamentinin ciddi və vahid mövqeyi var”.
Deputat bildirib ki, Ermənistan öz işğalı siyasəti və fəaliyyəti ilə özünü bir daha ifşa etdi: "Avropa Parlamenti həm də məsələyə hüquqi və siyasi rəy verdi. Eyni zamanda birgə bəyanat göstərdi ki, münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. Bütün dünya bir daha yaddaşını təkrarladı ki, Dağlıq Qarabağ həm beynəlxalq hüquq normaları, həm də tarixi nöqteyi-nəzərdən Azərbaycanın tərkib hissəsidir. Dağlıq Qarabağ Azərbaycandır!