Azərbaycan Parlamenti Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsini dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, qanun layihəsini Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edib.
Komitə sədri deyib ki, layihəyə əsasən Muxtar Respublikada Babək qəsəbə inzibati ərazi dairəsi tərkibində Babək qəsəbəsinə şəhər statusu verilməsi, Cəhri və Nehrəm kəndlərinə isə qəsəbə statusu verilməsi nəzərdə tutulub:
“Ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında günbəgün inkişaf edir. Həm iqtisadi islahatlar, həm sosial problemlərin həll olunması regionların da inkişafında özünü büruzə verir. Son illər Babək rayonunda geniş abadlıq, quruculuq tədbirləri həyata keçirilib, onlarla inzibati bina, məktəb və xəstəxanalar, sənaye müəssisələri, park və xiyabanlar salınıb. Rayonun Cəhri və Nehrəm kəndlərinə göstərilən dövlət qayğısı nəticəsində əhalinin sayı artmaqla bərabər, sosial-iqtisadi inkişaf və məşğulluq səviyyəsi də yaxşılaşmış, yeni istehsal və sosial-mədəni obyektlər qurulmaqla hər iki kənd müasir tipli qəsəbəyə çevrilmişdir”.
Siyavuş Novruzov Naxçıvanın bu yaşayış məntəqələrinin əhalisinin tarixən göstərdikləri qəhrəmanlıqlar, onların dövlətçiliyiə sadiqliyi, ümummilli lider Heydər Əliyevə verdiyi dəstək barədə fikirlərini bölüşüb.
Deputat Fəzail Ağamalı çıxışı zamanı layihəni dəstəkləyib.
Sonda qanun layihəsi təsdiqlənib.