12 İyun 2020 19:30
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin hər üç Cənubi Qafqaz respublikası üzrə Parlament Əməkdaşlıq Komitəsinin Ermənistanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı hər şeydən öncə bu təşkilatın beynəlxalq hüquqa və bu hüquqda təsbit edilmiş dövlətlərin ərazi bütövlüyü prinsipinə obyektiv və ədalətli yanaşması kimi başa düşülməlidir. Bu mövqe həm də digər beynəlxalq təşkilatlar, ilk növbədə isə ATƏT-in Minsk qrupu üçün nümunə olmalıdır.

Bunu Teleqraf.com-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, məsələ ondadır ki, Ermənistan regionda işğalçılıq siyasətini davam etdirməklə bərabər həm də mövcud nəqliyyat kommunikasiya xəritəsini dəyişməyə cəhd göstərir:

“Bunun üçün isə işğal altında olan Azərbaycan torpaqlarından istifadə edir. Bu cür davranış əsla qəbul edilə bilməz. Haqlı olaraq Avropa Parlamentinin Əməkdaşlıq Komitəsinin bəyanatında da bu məsələ önə çəkilərək Azərbaycanın ərazi bütövlüyünə vurğu edilir. Eyni zamanda bəyanatda problemin sülh yolu ilə həll edilməsi çağırışı da var ki, bu da hazırda ən aktual məsələdir. Azərbaycan öz torpaqlarının bundan sonra da uzun müddət işğal altında qalmasına əsla dözməyəcək və mütləq qətiyyətli addımlar atacaq. Nəticəni isə proqnozlaşdırmaq o qədər də çətin deyil. Çünki hamıya yaxşı məlum olan aprel döyüşləri və “Günnüt əməliyyatı” təcrübəsi var”.

Hikmət Babaoğlu qeyd edib ki, Ermənistan bunlardan dərs çıxarmalı və mövcud status-kvonu legitimləşdirmək cəhdlərinə son qoymalıdır:
“Əgər Ermənistan yeni nəqliyyat kommunikasiyası yaratmaqla işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirərək beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymaq istəyirsə, kökündən səhv edir. Çünki Azərbaycan buna heç vaxt yol verməyəcək və öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun mütləq bərpa edəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər