14 İyun 2020 18:12
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulu öndər Heydər Əliyev şəxsi ləyaqət hissini paklıq zirvəsinə qaldırmağı bacaran və bu unikal keyfiyyəti titanik siyasi fəaliyyətinin məhək daşına çevirməyə nail olan böyük azərbaycanlıdır. Bu xüsusiyyəti ilə dünya siyasətində onun tayı-bərabəri yoxdur. Yəqin ki, hələ uzun tarixi dövrdə də bu reallıq dəyişməz qalacaqdır. Necə deyərlər, dahilər, ən azı 100 ildən bir doğulur.

Bunu Teleqraf.com-a açıqlamasında Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, Heydər Əliyev Azərbaycanda plüralizm, siyasi mədəniyyət və sistemin əsasını qoyan dühadır: "1992-ci ildə bir müxalifət partiyası olaraq yaratdığı Yeni Azərbaycan Partiyası hakimiyyətə sivil yolla gəlməyin əsl “yol xəritəsi”ni ortaya qoydu. Bununla da bir ­siyasi mədəniyyət və əxlaq nümunəsi yaratdı. Bu nümunə əslində siyasi xəttindən və davranışından asılı olmayaraq, bütün siyasi qüvvələr üçün örnək olmalıdır. Çünki özündə sağlam, obyektiv, şəffaf və demokratik mübarizə mədəniyyətini ehtiva edir və 100 faizlik qələbə təminatına görə unikaldır".

Millət vəkilinin sözlərinə görə, Heydər Əliyev məhz qalibiyyətlər üçün doğulmuşdu: "Ulu öndər 1993-cü il 3 oktyabr prezident seçkilərində xalqın 98,8 faiz səsini toplayaraq, hakimiyyət olimpinin zirvəsinə yüksəlməklə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan dövlətçiliyini xilas etdi, onun növbəti intibahının əsasını qoydu. Dahi şəxsiyyət Heydər Əliyev hələ sərt sovet rejimində Azərbaycan təhsilinin inkişafına xüsusi önəm verdi. 1970-1980-ci illərdə onun şəxsi təşəbbüsü və qayğısı sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və xüsusi ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına nail olmuşduq. Azərbaycandan kənarda təhsil alanların milli tərkibində azərbaycanlıların sayı 1970-ci ilədək 40 faiz təşkil edirdisə, ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1976-cı ildə müvafiq göstərici 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci illərin əvvəllərində isə 97, 6 faizə yüksəlmiş oldu. Bu addımlar öz xarakteri etibarilə strateji məzmun kəsb edirdi. Daha dəqiq desək, bir tərəfdən respublikanın yüksək ixtisaslı kadrlara olan ehtiyacını təmin edirdi, digər tərəfdən potensial Azərbaycan diasporunun formalaşması prosesinin konturları cızılırdı. Təsadüfi deyil ki, bu gün MDB məkanında Azərbaycan diasporunun sosial tərkibinin böyük bir hissəsini məhz həmin illərdə ulu öndərin xeyir-duası ilə təhsil almış insanlar təşkil edir və onlar müstəqil dövlətimizin maraqlarını həmin ölkələrdə şərəflə qoruyurlar".

Elman Nəsirov vurğulayıb ki, ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin əsasını qoyub: "Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan amnistiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi".

Deputat qeyd edib ki, Azərbaycan xalqı qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin anadan olmasının 97-ci ildönümünü onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək qeyd edir: "Eyni zamanda, xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” kimi sözlərlə qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olub. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu mərhələ inqilabi xarakterli, dərin və hərtərəfli islahatlar kursu ilə xarakterizə olunur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər